Son illər ölkədə sığorta bazarında müşahidə olunan dəyişikliklər əhalinin bu sahəyə marağının artdığını göstərir.
Avtomobil və daşınmaz əmlakla bağlı risklərin çoxalması və maliyyə təhlükəsizliyinin ön plana çıxması sığortanın əhəmiyyətini daha da artırıb.
Bu kontekstdə, avtomobil və mənzillərini sığorta etdirən şəxslərin sayına dair göstəricilər həm cəmiyyət, həm də sığorta sektoru üçün diqqətlə izlənilən mövzulardandır.
Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, bu gün ölkədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə penetrasiya 100% həcmindədir:
“Yəni ölkəmizdə nə qədər avtonəqliyyat vasitəsi varsa hər biri bu sığorta növündən faydalanır. Hətta qeyd etmək istəyirik ki, bu nəticəyə görə, Azərbaycan tək region ölkələri yox, həm də bir sıra inkişaf etmiş və etməkdə olan Avropa ölkələrini qabaqlayır.
Kasko və əmlak sığortalarında isə məsələ bir qədər fərqlidir. Belə ki, bu növlər üzrə az bir faiz sığortalı olduğu üçün hazırkı penetrasiya səviyyəsi bizi qane etmir. Bununla əlaqədar olaraq da müvafiq növlər üzrə penetrasiya faizinin yüksəldilməsi, vətəndaşlarımızın sığortaya əlçatanlığının artırılması və sığortadan tam şəkildə faydalanmaları məqsədilə geniş maarifləndirmə tədbirləri həyata keçiririk. İstər Kasko, istərsə də əmlak sığortalarının potensialı böyükdür. Hesab edirik ki, yaxın gələcəkdə biz sözügedən növlər üzrə penetrasiya faizini 3 və hətta 4 dəfə artıra biləcəyik”.








