Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya 90 milyard avro məbləğində faizsiz kredit verilməsi barədə razılığa gəliblər. Danışıqlar 16 saatdan çox davam edib. “Financial Times” və AFP bildirir ki, tərəflər Rusiya aktivlərindən istifadə məsələsində razılıq əldə edə bilməyiblər.
FT-nin məlumatına görə, vəsaitlər Aİ-nin ümumi büdcəsinin zəmanəti ilə borc kimi cəlb olunacaq. Almaniya kansleri Fridrix Merts izah edib ki, Ukrayna bu krediti yalnız Rusiya Kiyevə təzminat ödədikdən sonra geri qaytarmalı olacaq. Əgər Rusiya dəymiş zərəri kompensasiya etməkdən imtina edərsə, Avropa İttifaqı Ukraynanın borcunun ödənilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcək. Kanslerin sözlərinə görə, bu, “beynəlxalq hüquqa tam uyğun şəkildə” həyata keçiriləcək.
FT-nin yazdığına görə, ölkələr razılaşıblar ki, bu mexanizm daha əvvəl Aİ vəsaitlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsini dəstəkləməyəcəklərini bildirən Çexiya, Macarıstan və Slovakiya üçün heç bir maliyyə öhdəliyi yaratmayacaq.







