11 C
Baku
Tuesday, December 23, 2025

Beynəlxalq səhm fondları 2025-ci ildə $793 milyard cəlb edib

2025-ci il qlobal səhm fondları üçün çox uğurlu olub. “Bank of America”nın (BofA) hesabatına əsasən, 12 aydan az müddət ərzində bu tip fondlara cəlb edilən xalis müştəri vəsaitləri 793 milyard dolları ötüb. Bu, bir il əvvəllə müqayisədə 54 milyard dollardan çoxdur və 2021-ci ildən bəri ən yaxşı nəticədir. Dörd il əvvəl koronavirus pandemiyasından zərər çəkmiş iqtisadiyyatların genişmiqyaslı dəstəklənməsi fonunda səhm fondları təxminən 950 milyard dollar cəlb etmişdi.

Riskli aktivlərə tələbin artması Donald Trampın xarici siyasətinin qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlıqların doğrulmaması, eləcə də mərkəzi bankların faiz dərəcələrini azaltmaq istiqamətində atdığı aktiv addımlarla əlaqələndirilir. BofA-nın məlumatına görə, ilin əvvəlindən bəri dünya üzrə bütün mərkəzi banklar 157 dəfə faiz endiriminə gedib ki, bu da 2024-cü ilin göstəricisindən cəmi 7 dəfə azdır. Ümumilikdə son iki ildə faizlər 321 dəfə azaldılıb ki, bu da ən azı son 25 ildə ən uzunmüddətli azalma dövrüdür.

Portfellərin balanssızlaşdırılmasından ən çox zərər çəkənlərdən biri ABŞ səhm bazarı olub. “Emerging Portfolio Fund Research”in (EPFR) məlumatına görə, bu tip fondlara xalis cəlbetmələr illik müqayisədə 544,2 milyard dollardan 398,5 milyard dollara enib. Çin fondlarına tələbat da kəskin şəkildə azalıb — 134,4 milyard dollardan 44,4 milyard dollara qədər, Hindistan fondları isə 2022-ci ildən bəri ilk dəfə 4,4 milyard dollar həcmində vəsait axını ilə üzləşib. ABŞ-nin aparıcı indeksləri ilin əvvəlindən cəmi 12–15% artıb, Çinin “SSE Composite” indeksi 16%, Hindistanın “Sensex” indeksi isə yalnız 8,8% yüksəlib.

İnvestisiya üstünlüklərinin dəyişməsindən faydalananlar sırasında Avropa və beynəlxalq fondlar da var: ilin əvvəlindən bu fondlara xalis cəlbetmələr müvafiq olaraq 53 milyard dollar və 210,4 milyard dollar təşkil edib. 2024-cü ildə Aİ fondları 66,4 milyard dollar həcmində vəsait itkisi yaşamışdı, beynəlxalq fondlar isə cəmi 111 milyard dollar cəlb etmişdi. Nəticədə ilin əvvəlindən Avropanın aparıcı indeksləri 12–50% aralığında artım göstərib.

Mütəxəssislərə görə, yaxın gələcəkdə də ABŞ bazarın ölçüsünə görə qlobal portfellərdə əhəmiyyətli payını saxlayacaq, lakin diqqət ‘möhtəşəm yeddilik’ şirkətlərindən daha geniş sektor və şirkətlər toplusuna yönələcək.

Son xəbərlər
Digər xəbərlər