4 C
Baku
Thursday, December 25, 2025

“BYD” ilin sonunadək Azərbaycanda 300 elektrobus istehsal etməyi planlaşdırır

Çinlə Azərbaycan arasında praqmatik əməkdaşlıq 2025-ci ildə parlaq və səmərəli nəticələr verib.

Bu fikirləri Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey ötən il ərzində ikitərəfli münasibətlərin inkişafının yekunlarına həsr olunmuş brifinqdə səsləndirib.

Diplomatın sözlərinə görə, ikitərəfli münasibətlərin keyfiyyətinin və səviyyəsinin yüksəlməsi fonunda iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığı dinamik artım nümayiş etdirib: “Cari ilin yanvar–oktyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,44 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,9 faiz çoxdur. Gözlənilir ki, ilin yekunlarına görə bu göstərici yenidən tarixi rekord müəyyənləşdirəcək və ikitərəfli ticarət həcminə görə ardıcıl üçüncü rekord il olacaq”.

Səfir qeyd edib ki, Çin Azərbaycan üçün ən böyük idxal mənbəyi və ölkənin dördüncü ən iri ticarət tərəfdaşı mövqeyini qoruyur: “Eyni zamanda, investisiya, iqtisadi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi davam edir. Çin şirkətləri Azərbaycanda tikinti materiallarının istehsalı, pərakəndə ticarət, avtomobilqayırma və bərpaolunan enerji sahələrində layihələri fəal şəkildə həyata keçirir.

Xüsusilə, Çinin BYD şirkətinin Azərbaycandakı zavodunda istehsal olunmuş 50 elektrobusdan ibarət ilk partiya uğurla təhvil verilib. Müəssisə ilin sonunadək 300 elektrobus istehsal etməyi planlaşdırır. Həmin elektrobuslar Bakı, Naxçıvan və Qarabağda istismara verilərək ekoloji təmiz ictimai nəqliyyatın inkişafına töhfə verəcək”.

Lu Mey vurğulayıb ki, yeni energetika sahəsində əməkdaşlıq məhsuldar şəkildə inkişaf edir: “Çin şirkətləri Azərbaycanla ümumi quraşdırılmış gücü 1570 MVt olan beş yeni energetika layihəsinin, o cümlədən günəş və külək elektrik stansiyalarının həyata keçirilməsinə dair sənədlər imzalayıblar. Bu layihələr tam istismara verildikdən sonra Azərbaycanın bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı potensialını iki dəfə artıracaq. Çin müəssisələri tərəfindən həyata keçirilən, gücü 240 MVt olan ölkənin ilk irimiqyaslı külək energetikası layihəsi olan “Xızı–Abşeron” külək elektrik stansiyasının artıq bu il istismara veriləcəyi gözlənilir.

Bundan əlavə, Çin şirkətləri fərdi investisiyalar hesabına Ələt azad iqtisadi zonasında gücü 3 QVt olan günəş panelləri istehsalı zavodu inşa edəcəklər ki, bu da Azərbaycanın yüksək texnologiyalı emal sənayesinin inkişafı üçün yeni imkanlar yaradacaq”.

Qeyd edildiyi kimi, nəqliyyat infrastrukturu sahəsində də mühüm irəliləyiş əldə olunub. Cari ilin yanvar–noyabr aylarında Çindən Azərbaycana 351 Trans-Xəzər yük qatarı göndərilib ki, bu da ötən illə müqayisədə 34 faiz çoxdur. İlk dəfə olaraq bu marşrut üzrə Çjetszyan əyalətinin Cinhua və İu, eləcə də Pekin və Şençjen şəhərlərindən yük qatarları hərəkətə buraxılıb. Çin məhsulları Orta Dəhliz üçün ən böyük yük mənbəyinə çevrilərək onun tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb.

Sonda Lu Mey vurğulayıb ki, Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlığı bundan sonra da dərinləşdirmək, yük resursları, texnologiyalar və kapital sahəsindəki üstünlüklərdən istifadə etməklə Azərbaycanın regional nəqliyyat qovşağı kimi formalaşmasına dəstək göstərmək niyyətindədir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər