“Unibank KB” ASC 2025-ci ili təxminən 26 milyon manat xalis mənfəətlə başa vurub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 milyon manat səviyyəsindən artaraq, illik 26.4% yüksəliş deməkdir.
Banker.az xəbər verir ki, bank dövlətə mənfəətindən 8.86 milyon manat vergi ödəyib.
Beləliklə, bankın kapitalında 37.85 mln. manat məbləğində bölüşdürülməmiş mənfəət formalaşıb.
Gəlir və xərclərin strukturuna baxdıqda, bankın faiz gəlirlərinin artmasına baxmayaraq xalis faiz gəlirində azalma müşahidə olunur. 2025-ci ildə faiz gəlirləri təxminən 251 milyon manat olub və illik müqayisədə 19 milyon manat artıb. Bu artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 238 milyon manata çatması ilə bağlıdır. Bununla belə, faiz xərcləri daha sürətlə artaraq təxminən 102 milyon manata yüksəlib. Xüsusilə depozitlər üzrə ödənilən faizlər və cəlb edilmiş kreditlərə görə faiz xərclərinin artması nəticəsində xalis faiz gəliri təxminən 143 milyon manat olub ki, bu da ötən illə müqayisədə təxminən 5 milyon manat və ya 3% azalma deməkdir.
Qeyd edək ki, “Unibank”ın əsas maliyyə mənbəyini əhalidən cəlb edilən vəsaitlər təşkil edir. Məsələn, 1 yanvar 2026-cı il tarixinə bankın fiziki şəxslərdən cəlb etdiyi depozitlərin həcmi 1 mlrd. 89 mln. manat olmaqla, ümumi depozitlərin 76%-ni, ümumi öhdəliklərin isə 71%-ni təşkil edir. Bankdakı depozitlərin 794 mln. manatı müddətli, yəni faiz gəliri qarşılığında bankda yerləşdirilib. Bankın cəlb etdiyi depozitlər ötən il təxminən 9–11% aralığında formalaşıb ki, bu da bank üçün xərc yaradır.
Qeyri-faiz gəlirləri bankın maliyyə nəticələrinə müsbət təsir göstərib. 2025-ci ildə qeyri-faiz gəlirləri təxminən 146 milyon manata yüksəlib və illik müqayisədə 19% artım qeydə alınıb. Artımın əsas mənbəyi alınan haqq və komissiya gəlirləri olub və bu göstərici 127 milyon manata yaxınlaşıb. Eyni zamanda, qeyri-faiz xərcləri də artaraq təxminən 219 milyon manat təşkil edib. Əməkhaqqı və kompensasiya xərcləri, amortizasiya və digər əməliyyat xərclərində artım müşahidə edilsə də, gəlirlərin daha sürətli artımı nəticəsində bankın əməliyyat mənfəəti təxminən 70 milyon manat olub ki, bu da illik müqayisədə təxminən 12% artım deməkdir.
Pul vəsaitlərinin hərəkəti hesabatına əsasən, “Unibank KB” ASC-nin əməliyyat fəaliyyəti güclü pul axını yaradıb. 2025-ci ildə əməliyyat fəaliyyətindən əldə olunan xalis pul vəsaitləri təxminən 148 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çox artım deməkdir. İnvestisiya fəaliyyəti üzrə pul axını mənfi olaraq təxminən 27 milyon manat təşkil edib və əsasən əsas vəsaitlərə, qeyri-maddi aktivlərə və investisiya qiymətli kağızlarına yönəlib. Maliyyələşdirmə fəaliyyəti isə təxminən 29 milyon manatlıq müsbət pul axını yaradıb ki, bu da əsasən subordinasiya borclarının cəlb edilməsi ilə bağlı olub. Nəticədə dövrün sonunda bankın pul vəsaitləri və onların ekvivalentləri təxminən 385 milyon manata çataraq illik müqayisədə əhəmiyyətli artım göstərib.
| (min manatla) | ||
| Cari dövr | Keçən ilin müvafiq dövrü | |
| Faiz gəlirləri: | 251,233 | 232,160 |
| Müştərilərə verilmiş kreditlər | 238,050 | 220,388 |
| Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri | 609 | 215 |
| Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri | 3,528 | 2,478 |
| Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri | 3,738 | 4,691 |
| Digər faiz gəlirləri | 5,308 | 4,388 |
| Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar | – 6,220 | – 6,313 |
| Faiz xərcləri: | – 101,921 | – 78,136 |
| Depozitlər üzrə faizlər | – 75,814 | – 62,974 |
| Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri | – | – 8 |
| Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər | – 19,929 | – 10,363 |
| Pul bazarı alətlərinə ödənilən faizlər | – | – |
| Qiymətli kağızlar üzrə faizlər | – | – |
| Subordinasiya borc öhdəlikləri üzrə faizlər | – 4,822 | – 4,791 |
| Digər faiz xərcləri | – 1,356 | – |
| Xalis faiz gəliri/(zərəri) | 143,091 | 147,711 |
| Qeyri-faiz gəlirləri: | 146,290 | 122,452 |
| Alınan haqq və kommisiya gəliri | 126,901 | 105,009 |
| Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla) | 16,499 | 16,285 |
| Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/(zərər) | – | – 1,110 |
| Digər gəlirlər | 2,889 | 2,267 |
| Qeyri-faiz xərcləri: | – 219,462 | – 207,564 |
| Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər | – 72,247 | – 69,974 |
| Ümumi və inzibati xərclər | – 46,024 | – 47,889 |
| Amortizasiya xərcləri | – 12,881 | – 10,356 |
| Digər xərclər | – 88,310 | – 79,345 |
| Əməliyyat mənfəəti | 69,918 | 62,599 |
| (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) | – 35,274 | – 35,157 |
| Mənfəət vergisindən əvvəlki mənfəət(zərər) | 34,644 | 27,442 |
| Mənfəət vergisi | – 8,863 | – 7,043 |
| Dövr üzrə xalis mənfəət | 25,781 | 20,400 |







