“Bank of Baku” ASC 2025-ci ildə xalis mənfəətini illik müqayisədə 20.20% artıraraq 30.59 mln. manat səviyyəsinə çatdırıb.
Banker.az bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə bankın xalis mənfəəti 25.46 mln. manat olmuşdu.
Xalis mənfəətdəki artım kapitalın möhkəmlənməsinə də müsbət təsir göstərib. Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəətin həcmi 111.22 mln. manat təşkil edib.
Bankın2025-ci ildə faiz gəlirləri 177.27 mln. manata yüksəlib və illik müqayisədə 38.17% artım qeydə alınıb. Artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 149.76 mln. manata çatması hesabına formalaşıb ki, bu da bir il əvvələ nisbətən 22.93% çoxdur. Qeyri-faiz gəlirləri isə 21.13 mln. manat olmaqla illik bazada 57.35% artıb. Eyni zamanda, faiz xərcləri 71.79 mln. manata yüksələrək 74.97% artım göstərib. Qeyri-faiz xərcləri də 86.50 mln. manat səviyyəsində formalaşıb və bu göstərici ötən illə müqayisədə 17.46% çoxdur. Nəticədə xalis faiz gəliri 105.49 mln. manat olub ki, bu da illik müqayisədə 20.88% artım deməkdir.
Əməliyyat mənfəəti 2025-ci ildə 40.55 mln. manat təşkil edib ki, bu da 2024-cü ildəki 35.49 mln. manat göstərici ilə müqayisədə 14.26% artım deməkdir.
2025-ci ilin sonunda bankın aktivləri 1 milyard 152.48 mln. manata çatıb və bu, illik müqayisədə 23.35% artım deməkdir. Müştərilərə verilmiş kreditlərin xalis həcmi 861.43 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 22.15% artıb. Kredit portfelinin strukturuna baxdıqda, əsas fəaliyyət istiqaməti istehlak kreditləri 699.93 mln. manata yüksələrək ötən ilin sonundakı göstəricini 20.8% üstələyib. Biznes kreditləri 148.76 mln. manat olub və illik bazada 12.08% artım qeydə alınıb. İpoteka kreditlərinin həcmi isə 62.01 mln. manata çatıb ki, bu da əvvəlki ilin göstəricisindən 28.05% çoxdur.
Öhdəliklər 976.71 mln. manata yüksələrək 25.46% artım göstərib. Bu artım əsasən depozit portfelinin genişlənməsi ilə bağlıdır. Belə ki, depozitlər 740.26 mln. manata çatıb və illik müqayisədə 24.94% artıb. Bankın kapitalı isə 175.77 mln. manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 12.90% artım deməkdir.






