Azərbaycanın bank sektoru 2025-ci ildə xalis mənfəətini əhəmiyyətli dərəcədə artıraraq tarixi maksimuma yüksəldib. İlkin hesablamalara görə sektor üzrə ümumi xalis mənfəət 1 milyard 164.5 milyon manat təşkil edib ki, bu da 2024-cü ildə qeydə alınan 1 milyard 44.3 milyon manat göstərici ilə müqayisədə təqribən 120.2 milyon manat və ya 11.5% artım deməkdir. 2023-cü ildə isə xalis mənfəətin həcmi 1 milyard 76.4 milyon manat olmuşdu.
Banker.az bankların maliyyə hesabatlarına istinadən xəbər verir ki, hesabat təqdim edən bankların hamısı ili xalis mənfəətlə başa vurub.
Xalis mənfəətə görə sektorun əsas yükünü daşıyan TOP5 iri bank 2025-ci ildə ümumilikdə 921.28 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici illik müqayisədə 15% artım deməkdir. Nəticədə TOP5 bankın sektorun ümumi xalis mənfəətindəki payı 79%-ə yüksəlib. Halbuki 2024-cü ildə bu göstərici 75% səviyyəsində idi.
Ən yüksək xalis mənfəət əldə edən banklar sırasında ABB (335.69 mln. manat), Kapital Bank (315.01 mln. manat) və PAŞA Bank (148.90 mln. manat) ön sıralarda yer alıb. İlk beşliyi Xalq Bank (61.08 mln. manat) və Bank Respublika (60.59 mln. manat) tamamlayıb.








