“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan və əlaqəli reytinqlərə dövri baxış keçirib.
Bu barədə agentliyin məlumatında bildirilir.
Qeyd edilib ki, Azərbaycanın reytinqləri, o cümlədən Baa3 uzunmüddətli emitent reytinqi, hökumətin iri həcmli xalis kreditor mövqeyi ilə dəstəklənir. Bu mövqe əsasən ölkənin suveren sərvət fondu olan Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) balansında olan əhəmiyyətli maliyyə aktivləri hesabına formalaşıb. Bu amil hökumət üçün mühüm maliyyə buferi yaradır və likvidlik, eləcə də xarici zəiflik risklərini azaldır. Eyni zamanda, siyasət effektivliyi də aşağı bazadan çıxış etsə də, tədricən yaxşılaşır.
Xüsusilə, pul-kredit və makroiqtisadi siyasət çərçivəsində aparılan islahatlar xarici mövqenin və maliyyə sisteminin şoklara qarşı dayanıqlığını gücləndirir. Fiskal buferlərin səmərəli istifadəsi isə əks-tsiklik xərcləmələrə imkan yaradır və fiskal göstəricilər və dövlət borcu üzrə potensial pisləşməni məhdudlaşdırır.
“Moody’s”in qiymətləndirməsinə görə, Azərbaycanın iqtisadi gücü “ba1” səviyyəsində qiymətləndirilir və bu, neft-qaz sektoruna yüksək aslılığa baxmayaraq orta müddətli artım perspektivlərinin müsbət olması ilə əsaslandırılır. İnstitutlar və idarəetmə göstəricisi “ba2” səviyyəsindədir və islahatlar fonunda tədricən yaxşılaşma müşahidə olunsa da, korrupsiyaya nəzarət və hüququn aliliyi sahələrində zəifliklər qalır. Hadisə risklərinə həssaslıq “ba” səviyyəsində qiymətləndirilir və əsasən Ermənistanla münasibətlərdən irəli gələn geosiyasi risklərlə bağlıdır. Azərbaycanın ESG Kredit Təsir Göstəricisi mənfi (CIS-4) olaraq qalır və bu, əsasən qlobal karbon keçidi ilə bağlı uzunmüddətli ekoloji risklərlə izah olunur. Müsbət proqnoz islahatların davam edəcəyi, iqtisadiyyatın və fiskal gəlirlərin karbohidrogen sektorundan asılılığının azalacağı, eləcə də yaxın dövrdə reytinqin endirilməsi ehtimalının aşağı olduğu gözləntisini əks etdirir.





