3 C
Baku
Monday, January 19, 2026

Bakının hansı ərazilərində evlərin qiyməti qalxacaq?

İldən-ilə daşınmaz əmlakın, xüsusən də mənzillərin qiyməti artır.

Bəs görəsən, hazırda Bakı şəhərinin hansı ərazisində ev almaq həm qiymət, həm də gələcək perspektivlər üçün daha sərfəlidir? Qarşıdakı müddətdə hansı ərazilərdə qiymətlər artacaq?

Banker.az  xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, uzun müddətli investisiya üçün Hövsanda mənzil almaq sərfəlidir:

“Hövsanın gələcəkdə çox böyük inkişaf imkanları olacaq. Bundan əlavə həm yükdaşıma, həm də tikintinin həcmi baxımından orada MİDA-nın çoxsaylı binaları inşa olunacaq. Hövsanın əhalisi bir müddət sonra say baxımından daha çox artacaq. İnfrastrukturun bu ərazidə inkişafı oranın ayrıca şəhərə çevrilməyinə də şərait yarada bilər.

Ələt Azad İqtisadi Zonası həm iqtisadi fəaliyyətin yüksəldiyi, həm də gələcəkdə xarici investorların ən çox müraciət edəcəyi bölgə olacaq. Həm Hövsanda, həm də Ələtdə hər hansısa daşınmaz əmlaka malik olmaq bir müddət sonra onun dəyər qazanmasına səbəb olacaq. Şəhərin mərkəzi tikintinin həcminə görə dolur, ona görə də yaxın gələcəkdə mərkəzdəki qiymətlər digər ərazilərə nisbətən daha az artacaq”.

İqtisadçı qeyd edib ki, 2027-ci ildə mənzillərin qiymətində durğunluq yaranacaq:

“Hansı sahələrdə yenidənqurma işləri aparılır, infrastruktur yenilənməsi həyata keçirilir və ora insan axını yönəlirsə (yəni mərkəz və mərkəzə yaxın ərazilərdə qiymət yüksək olduğundan daha çox periferik zonalara müraciət olunur), orada daşınmaz əmlakın qiymətinin daha çox artımı gözlənilir. Eyni zamanda yeni salınan yollar, nəqliyyat əlçatanlığının təmin olunması, habelə böyük komplekslərin inşası, (məsələn Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsi) həmin ərazilərdə qiymət artımını labüdləşdirir, perspektivi daha da artırır”.

Mütəxəssis deyib ki, əsasən Qarabağ və Şərqi Zəngəzur zonalarına, Azərbaycan turizminin inkişaf etdiyi və ya inkişafda olduğu ərazilərinə investisiya yatırımı daha əlverişlidir:

“Həmin yerlərdəki obyektlərin qiyməti yaxın gələcəkdə çox ciddi bahalaşacaq. Qəbələ, Şəki, Zaqatala, habelə, cənub bölgəsi, eyni zamanda Quba, Qusar rayonlarında qiymətlər artacaq.

Ümumiyyətlə, dövlət və ya hər hansısa investor əsaslı bir layihə icra etməyə başlayanda, həmin əraziyə yaxın yerlərdə qiymət artımı labüdləşir. Bu baxımdan Hökməli-Qobu yolunun yenidən təmiri və inşası oraya yaxın yerlərdəki mənzillərin qiymətinin artmasına səbəb olacaq. Bütünlükdə götürdükdə istənilən əmlak öz dəyərini son illərdə durmadan artırır. 2026-cı ildə də bunu görəcəyik, lakin bu artım əvvəlki illərə nisbətən öz intensivliyi ilə seçilməyəcək, 2027-ci ildə isə sözügedən tendensiya daha da dərinləşəcək. Həmin il əmlak qiymətlərinin daha da sabitləşdiyi il ola bilər. Nəzərə alsaq ki, həmin il həm də Azərbaycan milli valyutasının (manatın) xarici valyutalara nisbətdə üzən məzənnəyə (sərbəst) keçmə ehtimalı var. Bu isə daşınmaz əmlak bazarında bu proses ilk növbədə durğunluq yaradacaq, qiymətlərdə qeyri-müəyyənlik olacaq. Əmlakın qiyməti manatla artsa da, xarici valyutalarda həmin məbləğlər azala, yaxud sabit qala bilər.

Ümumi proqnoz olaraq onu qeyd edə bilərəm ki, hazırda daşınmaz əmlak almaq və onu idarə etmək daha məqsədəuyğundur. Vətəndaşlara tövsiyəmiz odur ki, daşınmaz əmlakdan daha çox səmərəli istifadə barədə düşünsünlər. 2021-ci ildən bəri 2026 da daxil olmaqla, əmlakın heç bir fəaliyyət göstərmədən dəyərinin artdığı dövr kimi yadda qalacaq. Amma yaxın gələcəkdə həm də əmlakdan faydalı və rentabelli istifadə etmək, icarəyə vermək daha məqsədəuyğun olar”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər