Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ildə dövlət büdcəsinə ümumilikdə 316.78 mln. manat məbləğində mənfəət vergisi ödəyib ki, bu, 2024-cü ildə 196.6 mln. manat idi.
Banker.az xəbər verir ki, bank sektorunun mənfəət vergisi ödənişləri bir il ərzində təxminən 120.2 mln. manat və ya 61 faizdən çox artıb.
2025-ci ildə mənfəət vergisi üzrə ilk beşlikdə “Kapital Bank” liderliyini qoruyub. Bank il ərzində 86.18 mln. manat vergi ödəyərək sektor üzrə ən böyük töhfəni verib. Onu 82.22 mln. manat ilə ABB izləyib. Üçüncü pillədə 52.79 mln. manat ödənişlə “PAŞA Bank” qərarlaşıb. Dördüncü yerdə 16.15 mln. manat ilə “Bank Respublika”, beşinci yerdə isə 13.78 mln. manat məbləğində mənfəət vergisi ödəyən “Xalq Bank” yer alıb.
Mənfəət vergisi bankların maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən dövlət büdcəsinə ödədiyi vergidir. Azərbaycanda banklar üçün mənfəət vergisinin dərəcəsi 20 faiz təşkil edir.







