3 C
Baku
Tuesday, January 27, 2026

Tramp Cənubi Koreya üçün rüsumların 25%-ə qaldırıldığını açıqladı

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan mallara tətbiq edilən rüsumların 15%-dən 25%-ə qaldırıldığını bəyan edib. Onun sözlərinə görə, bu addımın səbəbi Seul parlamentinin 2025-ci ilin iyulunda tərəflər arasında əldə olunmuş ticarət sazişini hələ də ratifikasiya etməməsidir.

ABŞ prezidentinin qərarı barədə açıqlama 26 yanvar, bazar ertəsi günü Trampın Truth Social sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

Tramp bildirib ki, Cənubi Koreya parlamenti “Birləşmiş Ştatlarla əldə olunmuş sazişin şərtlərini yerinə yetirmir”. “Prezident Li (Li Çje Myon – red.) və mən 30 iyul 2025-ci ildə hər iki ölkə üçün sərfəli olan sazişə nail olmuşuq, 29 oktyabr 2025-ci ildə Koreyaya səfərim zamanı bu şərtləri bir daha təsdiqləmişik”, – Tramp yazıb və sənədin niyə hələ də qəbul edilmədiyini sual edib.

“Cənubi Koreya qanunverici orqanı bizim tarixi ticarət sazişimizi ratifikasiya etmədiyinə görə – bu, onların səlahiyyətidir – mən Cənubi Koreya üçün avtomobil, ağac materialları, əczaçılıq məhsulları və bütün digər qarşılıqlı tarifləri 15%-dən 25%-ə qaldırıram”, – ABŞ prezidenti əlavə edib.

Cənubi Koreya hakimiyyəti: ABŞ-dan hələ rəsmi bildiriş gəlməyib

Cənubi Koreya prezident administrasiyası Trampın paylaşımını şərh edərkən jurnalistlərə bildirib ki, hələlik ABŞ hökumətindən “rəsmi bildiriş və ya ətraflı izahat” almayıblar. Administrasiya prezidentin siyasi məsələlər üzrə aparıcı müşavirinin və aidiyyəti nazirliklərin nümayəndələrinin iştirakı ilə “təcili yüksək səviyyəli müşavirə” keçiriləcəyini açıqlayıb. The Korea Times qəzetinin yazdığına görə, bu görüşdə vəziyyət qiymətləndiriləcək və cavab tədbirləri müəyyən ediləcək.

Bundan əlavə, hakimiyyət orqanları qeyd edib ki, hazırda Kanadada səfərdə olan sənaye naziri Kim Çon Kvan yaxın vaxtlarda ABŞ-a yollanmağı planlaşdırır və orada ticarət naziri Hovard Lütviklə tariflərin artırılması məsələsini müzakirə edəcək.

ABŞ–Cənubi Koreya ticarət sazişi

İyulun sonunda ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar və Cənubi Koreyanın yeni ticarət şərtləri üzrə razılığa gəldiyini açıqlamışdı. Bu çərçivədə Cənubi Koreya idxalına 15%-lik tarif nəzərdə tutulurdu. ABŞ üçün isə Cənubi Koreyaya ixracda hər hansı gömrük rüsumu nəzərdə tutulmurdu.

Trampın sözlərinə görə, saziş ABŞ-a məxsus və ABŞ tərəfindən nəzarət olunan 350 milyard dollarlıq investisiyanı təmin etməli idi. Seul həmçinin Vaşinqtondan 100 milyard dollar həcmində enerji resursları almağı öhdəsinə götürürdü.

Lakin Trampın oktyabrın sonunda Cənubi Koreyaya səfəri zamanı bu investisiya paketi əlavə mübahisələr doğurub. Seulda bildiriblər ki, 350 milyard dolların əsas hissəsi ABŞ-da yeni müəssisələr açacaq koreya şirkətləri üçün nəzərdə tutulmuş kreditlər və kredit zəmanətləridir. Tramp isə istəyib ki, Seul bu məbləği əvvəlcədən nağd pul və ya səhmlər şəklində ödəsin. Bunun fonunda prezident Li belə böyük həcmli xərclərin ölkənin maliyyə bazarını destabilizasiya edə biləcəyini deyib və investisiya razılaşmasını sual altına qoyub.

Son xəbərlər
Digər xəbərlər