Hindistanın neft emalı zavodlarının (NEZ) tədarükdən imtina etməsindən sonra Rusiya neftini daşıyan tankerlər dənizdə qalıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Dekabrda Hindistan limanlarına Rusiya neftinin tədarükü kəskin şəkildə azalaraq sutkada təxminən 1,2 milyon barelə düşüb ki, bu da son üç ildən çox müddətdə ən aşağı göstəricidir. Yanvar ayında isə bu rəqəmlər daha da azalıb: statistikaya görə, ayın ilk 25 günündə idxal orta hesabla sutkada 1,12 milyon barel təşkil edib. Bu azalma Avropa İttifaqının yanvarın 21-də qüvvəyə minmiş Rusiya neftindən hazırlanan neft məhsullarının idxalına qoyduğu qadağa fonunda baş verib.
Agentliyin məlumatına görə, Hindistanın alışları azaltması son həftələrdə onun və qonşu Omanın sahillərində gözləyən tanker sayının kəskin artmasına səbəb olub. Oman sahillərində gözləyən gəmilərin sayı tədricən azalsa da, artıq yola çıxanların çoxu hazırda Hindistan sahillərinə yaxın ərazilərdə lövbər salıb, digərləri isə Çinə doğru hərəkət edir. Yalnız bir gəmi yükünü boşaldıb.
Məqalədə qeyd olunub ki, Rusiya tədarüklərinə əlavə təzyiq Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalara məruz qalmış nefti daşıyan Rusiyanın “kölgə donanması”na qarşı sərtləşdirilmiş tədbirlərindən qaynaqlanır.







