Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 1 fevral 2026-cı il tarixinə 11.56 mlrd. ABŞ dollarını keçib.
Banker.az xəbər verir ki, bu aylıq 48.6 mln. dollar və ya 0.42% artım deməkdir.
Bununla belə, bu hələ də 2024-cü ilin sentyabrındakı göstəricilərdən aşağıdır.
Belə ki, 2024-cü ilin 3-cü rübündə AMB-nin valyuta ehtiyatları 836.3 mln. dollar azalaraq 10.96 mlrd. dollara düşmüşdü. AMB isə valyuta bazarındakı tələbi dəstəkləmək məqsədilə 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.
Beləliklə, Mərkəzi Bank 2024-cü ildəki azalmanın 72%-ni və ya 604 mln. manatını bərpa edə bilib.
Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul bəyanatında isə bildirilir ki, valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayıb. 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir.







