Neft-qaz şirkəti “QatarEnergy” Yaponiyanın ən böyük enerji şirkəti “JERA Co.” ilə mayeləşdirilmiş təbii qazın (LNG) satışı üzrə 27 illik razılaşma bağlayıb. Bu barədə “Bloomberg” yazır.
Razılaşmaya əsasən, JERA hər il “QatarEnergy”dən təxminən 3 milyon ton LNG alacaq. Agentliyin məlumatına görə, ötən il Qətər Yaponiyaya təxminən 3,3 milyon ton yanacaq tədarük edib.
Qeyd olunur ki, bu razılaşmanın bağlanması Qətər üçün müsbət siqnaldır. Çünki ölkə son illər Yaponiyada mövqelərini tədricən itirirdi — milli enerji şirkətləri ABŞ kimi digər ixracatçılardan daha çevik tədarük şərtlərinə üstünlük verirdilər.
2025-ci ilin oktyabrında “QatarEnergy” Hindistana LNG tədarükü üzrə də müqavilə imzalayıb. Şirkət Qucarat ştatının dövlət neft korporasiyası “Gujarat State Petroleum Corporation” (GSPC) ilə ildə 1 milyon tona qədər LNG tədarükünü nəzərdə tutan 17 illik razılaşma bağlayıb. Tədarüklərin 2026-cı ildə başlanması planlaşdırılır. Qaz Hindistandakı terminallara alıcı tərəfindən götürülmə şərti ilə çatdırılacaq.






