1 C
Baku
Tuesday, February 10, 2026

Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə təyinat olub

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə Yasin Cəlilov bu vəzifəyə təyin edilib. O, eyni zamanda İdarə Heyəti sədrinin müavini kimi fəaliyyətini davam etdirəcək.

Y.Cəlilov karyerasına 1996-cı ildə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb. 2011–2018-ci illərdə departament direktoru vəzifəsinə yüksəlib. 2018–2019-cu illərdə “Bank VTB Azərbaycan” ASC-də departament direktoru, 2019–2021-ci illərdə isə İdarə Heyətinin üzvü olub.

O, 2022-ci ilin fevral ayından 2026-cı ilin fevral ayınadək Azərbaycan İnvestisiya Şirkətində İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə cari rəhbərliyi onun kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin tərkibi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan sədrdən və onun 4 müavinindən ibarət olmaqla 5 üzvdən formalaşır. İdarə Heyətinin fəaliyyətinə İdarə Heyətinin sədri rəhbərlik edir.

Xatırladaq ki, Azərbaycan Biznesinin İnkişafı Fondu Prezidentin 2025-ci il 10 dekabr tarixli fərmanı ilə publik hüquqi şəxs statusundan Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilib.

Son xəbərlər
Digər xəbərlər