Moskva və İrəvan Ermənistanın Türkiyə və Azərbaycan sərhədlərinə çıxan dəmir yolu xətlərinin bərpası ilə bağlı danışıqlara başlayır.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının Aralıq dənizi, Körfəz və Hind okeanı limanlarına çıxışını təmin edəcək.
Overçuk qeyd edib ki, Moskva ilə İrəvan Ermənistanı Türkiyə və Azərbaycanla birləşdirən dəmir yolu xətlərinin bərpası üzrə texniki və maliyyə şərtlərini qiymətləndirəcəklər.
Rusiya Baş nazirinin müavini əlavə edib ki, qərar Ermənistan tərəfinin müraciətindən sonra verilib: “Yerasx və Axuryan yaxınlığındakı dəmir yolu hissələrinin ümumi uzunluğu müvafiq olaraq 1,6 km və 12,4 km-dir. Danışıqlar bu layihənin həyata keçirilməsi üçün texniki, maliyyə və digər üsulları müəyyən edəcək. Dəmir yolu hissələrinin bərpası Rusiyanın Naxçıvanla birbaşa dəmir yolu əlaqəsini, Türkiyə ilə Aralıq dənizi limanlarına çıxışla, İranla – Fars körfəzi və Hind okeanı limanlarına çıxışını təmin edəcək”.





