13 C
Baku
Tuesday, February 17, 2026

İsveç milli valyutadan avroya keçid variantlarını araşdırmağa başlayıb

İsveç milli valyutası olan kronadan avroya keçid imkanlarını nəzərdən keçirir. Bu barədə “Bloomberg” məlumat yayıb.

Müzakirələr hələ ilkin mərhələdədir, lakin ölkənin mövqeyində kəskin dəyişiklik baş verdiyini göstərir. 2003-cü ildə keçirilən referendumda İsveç vahid Avropa valyutasını rədd etmişdi. İndi isə böyük güclər arasında rəqabət fonunda kiçik iqtisadiyyatların həssaslığı yeni “geosiyasi amilləri” gündəmə gətirib, deyə nəşr qeyd edir.

Avronun lehinə əsas arqument ondan ibarətdir ki, vahid valyuta siyasi əlaqələri gücləndirəcək, İsveçə ümumavropa valyuta məsələləri üzrə danışıqlarda yer verəcək, həmçinin ticarətin və birbaşa investisiyaların artmasına töhfə verəcək.

“İsveç artıq NATO-nun tamhüquqlu üzvüdür və biz Aİ tərəfdaşlarımızla birlikdə müdafiəmizi gücləndiririk. Lakin biz hələ də sistemdən qismən kənardayıq, çünki valyuta əməkdaşlığında iştirak etmirik”, — deyə İsveç parlamentinin Liberal Partiyasından deputatı Sesiliya Renn bildirib.

Yanvarın sonunda İsveç parlamentində kronadan avroya keçid imkanları ilə bağlı debatlar keçirilib. “Politico” nəşrinin yazdığına görə, son on ildə krona dəyərinin 20%-dən çoxunu itirib və müəyyən qədər bərpa olunsa da, Stokholm “qlobal sarsıntılar və potensial hərbi təhdidlərdən” narahatdır.

“Bloomberg” qeyd edir ki, Stokholmun yeni yanaşmasının əsasında isveçli iqtisadçı Lars Kalmforsun hesabatı dayanır. O, 2003-cü ildə avronun qəbulunun məqsədəuyğunluğunu araşdıran hökumət komissiyasına rəhbərlik edib. Həmin vaxt komissiya avronun tətbiqini təxirə salmağı tövsiyə etmişdi. İndi isə Kalmfors etiraf edir ki, geosiyasi amillər “əvvəlkindən xeyli fərqlidir” və bu, Aİ-nin “nüvəsinə” qoşulmağın dəyərini artırır.

Onun sözlərinə görə, İsveçin iqtisadi dövrü avrozona ilə daha çox sinxronlaşıb ki, bu da müstəqil pul-kredit siyasətinə ehtiyacı azaldır. Bundan əlavə, İsveçdə dövlət borcunun daha aşağı səviyyədə olması hökumətə iqtisadi zəifləmə halında fiskal stimullardan daha effektiv istifadə etməyə imkan verir.

“Kiçik, likvidliyi aşağı və volatilliyi yüksək olan krona İsveç sənayesi üçün çatışmazlıqdır”, — deyə maliyyəçi Krister Qardell bildirib. “Əgər biz avrozonaya qoşulsaydıq, bu problem aradan qalxardı”, — o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər