18 C
Baku
Tuesday, February 17, 2026

Məzuniyyətə görə kompensasiya hesablanarkən hansı günlər nəzərə alınmayacaq?

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərlə qanunvericiliyə yeni ifadələr gətirilib. Onlardan biri də istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi ilə bağlıdır.

İnsan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova yeniliyi detallı şəkildə izah edib.

Öncəliklə qeyd edək ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin adı yeni redaksiyada verilib. Əgər əvvəlki redaksiyada “Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi” kimi qeyd edilmişdisə, dəyişiklikdən sonra həmin müddəa “Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi” kimi göstərilib. Başqa sözlə, sözügedən maddədə istidafə olunan “pul əvəzi” ifadəsi “kompensasiya” sözü ilə əvəz olunub.

Burada əsas nəzərəçarpacaq digər bir dəyişiklik həmin maddənin 3-cü bəndində yer alıb. Əmək Məcəlləsinin yeni redaksiyada qəbul edilmiş 144-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 – 117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir. Əvvəlki redaksiyada həmin müddəa belə verilib: “Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir”.

Məcəllədə yer alan bəndin redaksiyadan əvvəl və sonrakı halına nümunə üzərindən baxaq:

Misal: Müəssisədə mütəxəssis vəzifəsində çalışan xanım əməkdaşın 30 təqvim günü əsas, 2 təqvim günü staja görə əlavə (maddə 116) və 2 təqvim günü də 14 yaşınadək 2 uşağı olduğu üçün əlavə (maddə 117) olmaqla, toplam 34 gün əmək məzuniyyəti hüququ var. Onun əmək müqaviləsinə xitam verilərkən kompensasiya ediləcək məzuniyyət günü hansılardır?

Maddəyə dəyişiklikdən əvvəl bu keys üzrə kompensasiya ediləcək məzuniyyət gününün sayı 32 idi. Burada 30 gün əsas və Əmək Məcəlləsinin 117-ci maddəsi üzrə əlavə 2 gün nəzərə alınaraq kompensasiya hesablanırdı. Çünki 144-cü maddənin 3-cü bəndində əvvəlki redaksiyada ödənilməməli əlavə əmək məzuniyyəti günlərinin siyahısında 117-ci maddə qeyd edilməmişdi. Dəyişikliklərdən sonra isə bu keys üzrə kompensasiya ediləcək gün sayı 30 olmaqla, yalnız əsas məzuniyyətdən ibarətdir. 2026-cı ildən etibarən hesablamalar bu cür aparılacaq.

Qeyd edək ki, sözügedən maddənin 3-cü bəndinin redaksiyadan öncəki halı 117-ci maddə üzrə kompensasiyanın verilib-verilməməsi ilə bağlı praktikada çox vaxt mübahisəli halların yaranmasına səbəb olurdu. Artıq son dəyişikliklərdən sonra qanunvericilik həmin hallara son qoydu.

Son xəbərlər
Digər xəbərlər