12 C
Baku
Wednesday, February 18, 2026

“Nestle” səhmləri uşaq qidaları ilə bağlı qalmaqal fonunda son 8 ilin minimumuna düşüb

“Nestle” şirkətinin səhmləri son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşıb. “Bloomberg” yazır ki, investorlar fevralın 19-da illik hesabat təqdim edilərkən rəhbərlikdən satışların bərpası üzrə aydın plan tələb etməyi planlaşdırırlar.

2021-ci ilin dekabrında qeydə alınmış pik göstərici ilə müqayisədə “Nestle” səhmlərinin qiyməti hazırda 38% aşağıdır. Eyni dövrdə əsas rəqibləri olan Danone və Unilever şirkətlərinin səhmləri müvafiq olaraq 32% və 28% artıb.

“Nestle” səhmlərinin ucuzlaşmasının səbəbləri arasında satışların azalması, xərclərin artması və zəif istehlakçı tələbi göstərilir. Vəziyyəti isə yanvar ayında uşaq süd qarışıqlarında zərərli bakteriyalarla bağlı qalmaqal daha da ağırlaşdırıb.

“Bloomberg”in istinad etdiyi investorların fikrincə, şirkətin problemləri daha dərin ola bilər. “LLB Asset Management” şirkətindən Tomas Küne (“Nestle”də paya malikdir) hesab edir ki, şirkət “uzunmüddətli qərarlardan çox, xərclərin azaldılmasına və qısamüddətli rüblük göstəricilərə həddindən artıq fokuslanır”.

“Flossbach von Storch” şirkətinin baş analitiki Kay Leman bildirir ki, son dövrlərdə “artım yalnız məhsul qiymətlərinin bahalaşması hesabına təmin olunub”, halbuki əsas məqsəd “real satış həcmlərinin artırılması” olmalıdır.

“Vontobel” analitiki Jan-Filip Bertşi isə qeyd edir ki, “illik nəticələr sadəcə gülünc vəziyyətə düşüb və investorlar indi uşaq qidaları sahəsində keyfiyyətə nəzarət səviyyəsini diqqətlə izləyir, həmçinin rəhbərlikdən yeni strateji plan gözləyirlər”.

Son xəbərlər
Digər xəbərlər