ABŞ Birləşmiş Millətlər Təşkilatı (BMT) qarşısındakı borcunun bir hissəsini ödəyərək təxminən 160 milyon dollar köçürüb. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Associated Press” (AP) ilə söhbətində Düjarrik bildirib ki, ödəniş ötən həftə həyata keçirilib və BMT-nin müntəzəm əməliyyat büdcəsi üçün nəzərdə tutulub.
Fevralın əvvəlinə Vaşinqtonun BMT qarşısındakı ümumi borcu təxminən 2,19 milyard dollar təşkil edirdi ki, bu da üzv ölkələrin ümumi borcunun 95%-nə bərabərdir. Bundan əlavə, ABŞ sülhməramlı əməliyyatlar üzrə 2,4 milyard dollar, tribunalların büdcələrinə isə daha 43 milyon dollar borcludur.
Yanvarın sonunda BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, maliyyə qaydaları yenidən nəzərdən keçirilməzsə və ya 193 üzv ölkənin hamısı üzvlük haqlarını ödəməzsə, təşkilatı “qaçılmaz maliyyə böhranı” gözləyir.






