9 C
Baku
Friday, February 20, 2026

İran ABŞ-yə iqtisadi və neft-qaz sahəsində əməkdaşlıq təklif edib

İran Oman vasitəçiliyi ilə ABŞ ilə aparılan danışıqlar zamanı yalnız nüvə proqramı ətrafındakı böhranın tənzimlənməsini deyil, həm də ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan təşəbbüslərlə çıxış edib. Bu barədə mənbələrə istinadən “CBS News” məlumat verib.

Məlumata görə, İran ABŞ istehsalı olan təyyarələrin alınmasını müzakirə etməyə hazır olduğunu bildirib, həmçinin öz neft-qaz yataqlarına çıxışın verilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi imkanını nəzərdən keçirir. Bu təkliflər Tehranın Vaşinqtondan sanksiyaların ləğvinə nail olmaq istəyi fonunda irəli sürülüb.

Telekanalın həmsöhbətlərinin sözlərinə görə, ərəb ölkələrindən olan vasitəçilər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa nüvə dosyesini digər mübahisəli məsələlərdən, o cümlədən Yaxın Şərqdə İrana yaxın qüvvələrə dəstək və İranın raket proqramından ayırmağı tövsiyə ediblər. Mənbələrin qeyd etdiyinə görə, Uitkoff bu ideyanı müsbət qarşılayıb ki, bu da həmin problemlər üzrə ayrıca danışıqlar prosesinin mümkünlüyünü açır.

Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Vaşinqton üçün əlverişli nüvə sazişi şərtlərinə razı salmaq məqsədilə İrana qarşı hərbi və hökumət obyektlərinə məhdud zərbə endirmək imkanını nəzərdən keçirir və bununla yanaşı genişmiqyaslı hücumdan qaçmağa çalışır. Məlumata görə, belə zərbə bir neçə gün ərzində endirilə bilər. CBS-in iddiasına əsasən, əməliyyat fevralın 21-də başlaya bilər.

Fevralın 17-də Cenevrədə Oman vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə dosyesi üzrə danışıqların ikinci raundu keçirilib. İran Xarici İşlər Nazirliyi bəzi məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu və bunların gələcək saziş layihəsinə daxil edilə biləcəyini bildirib. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini açıqlasa da, Tehran hələlik Ağ ev tərəfindən irəli sürülən bir sıra mövqeləri qəbul etməyə hazır deyil. Daha əvvəl ABŞ və İsrail İranın yalnız nüvə proqramının inkişafından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdə İrana yaxın qüvvələrə dəstəkdən imtina etməsində israr edirdilər.

Son xəbərlər
Digər xəbərlər