Asiya valyutaları çərşənbə günü, 25 fevralda dolların zəifləməsi və yuanın sabit möhkəmlənməsi fonunda son 16 ayın ən yüksək səviyyəsinə yüksəlib.
Banker.az xəbər verir ki, Asiya valyutalarının ABŞ dollarına qarşı məzənnəsini ölçən “Bloomberg Asia Dollar Index” 0.2% artaraq 2024-cü ilin oktyabrından bəri ən yüksək göstəriciyə çatıb. İnkişaf etməkdə olan Asiya ölkələrinin valyutaları ABŞ-da tariflər və fiskal siyasətlə bağlı qeyri-müəyyənliyin dollar və ABŞ borc alətlərinə marağı azaltması fonunda “dolların dəyərdən düşməsi” ticarətindən faydalanır.
Eyni anda ABŞ dolları 6 əsas valyuta – avro, ingilis funt-sterlinqi, yena, kanada dolları, isveçrə frankı və isveç kronunu səbətini əhatə edən DXY indeksi isə 97.85 bənddə qalmaqla günlük düşüb.
Sinqapurda yerləşən “Oversea-Chinese Banking Corp.”də valyuta strategisti Kristofer Vonq bildirib ki, Asiya valyutaları “daha zəif dollar mühiti və yaxşılaşan risk əhval-ruhiyyəsi kimi bir sıra amillər” səbəbindən üstün performans göstərir və bayramlardan sonra yuanın yenidən möhkəmlənməsi ilə dəstəklənir. Onun sözlərinə görə, “ABŞ-dan kənarda iqtisadi artım tempi dayanıqlı qaldıqca, Asiya valyutalarının bahalaşması üçün hələ də imkan var”.
Region üçün əsas istinad nöqtəsi sayılan Çin yuanı da son həftələrdə ixracın güclü qalması və mərkəzi bankın möhkəmlənməyə daha tolerant yanaşması fonunda bahalaşıb. Bu isə Çinlə sıx ticarət əlaqələri olan Cənubi Koreya, Tayvan, Malayziya və Tailand valyutalarına müsbət təsir göstərib.







