ABB və ya “Azərbaycan Beynəlxalq Bankı” ASC 2026-cı il üçün 1 milyon ədəd, hər birinin nominal dəyəri 100 manat olan faizli, təmin edilməmiş və sənədsiz istiqrazların buraxılmasını planlaşdırır.
Banker.az xəbər verir ki, istiqrazlar adı üzrə olacaq və “Bakı Fond Birjası” QSC vasitəsilə yerləşdiriləcək.
İstiqrazın şərtlərinə görə, illik faiz dərəcəsi və kupon ödənişi hər bir buraxılış üzrə ayrıca “Yekun Şərtlər” sənədində müəyyən ediləcək. Fiziki şəxslər istiqrazların əldə edilməsində üstünlük hüququna malikdir.
Bank sənəddə qeyd edir ki, istiqrazların buraxılmasının əsas məqsədi rəqəmsallaşmanın tətbiqi, xidmət kanallarının genişləndirilməsi və 2023-2025-ci illəri əhatə edən texnoloji transformasiya strategiyasının həyata keçirilməsidir. Eyni zamanda, bu vəsait bankın likvidliyinin artırılmasına və müxtəlif mənbələrdən əlavə maliyyə resurslarının cəlb olunmasına xidmət edəcək.
ABB 2025-ci ili 335.7 milyon manat xalis mənfəətlə başa vurub və əvvəlki ilin 293.7 milyon manatını 14% üstələmişdir. Bu, bank tarixindəki ən böyük xalis mənfəət olub.
Bankın illik gəlirləri 1 milyard 547 milyon manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 23% artım deməkdir. Faiz gəlirləri 1 milyard 95 milyon manat, qeyri-faiz gəlirləri isə 451.5 milyon manat təşkil edib.







