13 C
Baku
Saturday, November 23, 2024

“Elektron ipoteka” sistemi portalda yaradılacaq

Fərmanla “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.

Fərmana əsasən, Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və 2017-ci il yanvarın 1-dən tətbiq edilməsi ilə  Nazirlər Kabineti məşğul olacaq.

“Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını, ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini, ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını təmin edəcək.

İpoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsi, ipoteka kreditinin alınması üçün tələb olunan və bu Fərmanın 7.2.1–7.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların (ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə, ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə, ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən, ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə, vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, mərkəzləşdirilmiş kredit reyestrindən və ünvan reyestrinin məlumatları) alınması, ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması, ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılması, ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılması da “Elektron ipoteka” sisteminin təmin edəcəyi işlər sırasındadır.

“Elektron ipoteka” sisteminin təşkilini və fəaliyyətinin təmin olunmasını Cəmiyyət həyata keçirir.
Fərmanla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) də bir sıra mühüm işlər həvalə olunub.
RYTN “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etməlidir.
Həmçinin RYTN ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan, yuxarıda qeyd olunan məlumatların müvəkkil banklar tərəfindən “Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron ipoteka” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Cəmiyyətə kömək göstərəcək.

Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılsın ki, “Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etsinlər.

Nazirlər Kabineti “Elektron ipoteka” sisteminin əsasnaməsinin layihəsini iki ay müddətində, ipoteka kağızının qeydiyyatı və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı təkliflərini isə bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

 

Xeberler.az

Son xəbərlər
Digər xəbərlər