“AFB Bank” ASC hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsini planlalşdırır.
Banker.az xəbər verir ki, ümumi yerləşdirmə tam baş tutacağı təqdirdə bank 5 milyon manat vəsait cəlb etmiş olacaq. Qiymətli kağızların illik faiz dərəcəsi 13% 24 ay müddətinə verilir. Hər 3 təqvim ayından bir və ya rüblük nağdsız qaydada ödənilir.
Bank sonuncu dəfə eyni şərtlərlə 24.10.2025-ci il tarixə qədər 5 milyon manat cəlb edə bilib. Bu istiqrazlar üçün 80 investor sifariş vermişdi.
İstiqrazların buraxılmasında məqsəd mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsidir. Bununla belə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, strateji hədəflərinin reallaşdırılması, bazar nüfuzunun və payının artırılması, regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsi və iqtisadi rifahın artırılmasına töhfə vermək üçün istiqrazları emissiya etdiyini bildirir.
Emissiya prosesində anderrayter qismində “Assist Finance İnvestisiya Şirkəti” ASC çıxış edir. İstiqrazlar “Bakı Fond Birjası” QSC-nin ticarət platforması üzərindən investorlara təqdim olunacaqdır.
“AFB Bank” ASC 2025-ci ili 4 milyon 257 min manat mənfəətlə başa vurub. 2024-cü ildə bankın mənfəəti 4 milyon 578 min manat olub.
Ötən il “AFB Bank”ın cəmi gəlirləri 35 milyon 934 min manat (əvvəlki ilə nisbətən 14% çox), cəmi xərcləri 34 milyon 963 min manat olub. 2024-cü ildə isə bankın gəlirləri 31 milyon 640 min manat, xərcləri 26 milyon 420 min manat təşkil edib.
Hesabat ayında “AFB Bank”ın aktivləri 423 milyon 4 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 43.3% çoxdur. Bunun 292 milyon 544 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 60% böyüyüb.
Bankın cari kredit reytinqi “Fitch” agentliyi tərəfindən “B” (stabil) səviyyəsində müəyyən olunmuşdur.





