İqtisadçı-ekspert Elman Sadıqov yazır:
Xameneinin ölümü əslində dünən İranın ərəb ölkələri və ABŞ hərbi bazalarına ilk hücumu zamanı dolayı yolla İranın özü tərəfindən təsdiqləndi. Bir neçə ay öncə açıqlanmışdı ki, Xamenei vəsiyyət edib ki, mən öldükdən dərhal sonra ABŞ hərbi bazalarını və yerləşdikləri ölkələri vurun! Xamenei sağ olsaydı özü bu şəkildə sağa-sola hücum etməzdi.
Pezeşkian İran dövləti və dövlətçiliyi üçün xilas amilinə çevrilir. 08.07.2024-cü il tarixdə “Məsul Pezeşkian sürprizdirmi” adlı məqalə yazmışdım. (xatırladım ki, həmin tarixdə Pezeşkian hələ Prezident seçilməmişdi, İranın kvazi güclərinin liderləri (Hezbollah və digərləri) məhv edilməmişdi və sair). Məqalənin linkini rəy bölməsində yerləşdirirəm. O məqalədə İranın tarix boyu hərb meydanında uduzması və İranın parçalanma, dövlətçiliyinin məhv olması mərhələsində azərbaycan əsilli şah, rəhbər seçərək İranın gücü və nüfuzunu bərpa etmişdir. İranın ən böyük dayaqlarından biri Fransanın əlinin Yaxın Şərqdən (o cümlədən tədricən Afrikadan) kəsilməsi və İranın özünün əl-ayağının Yaxın Şərqdə kəsilərək kvazi güclərinin məhv ediləcəyi və İranın özünün parçalanma riski ilə üzləşəcəyi qeyd etmişdim. Həmin məqalədən bir neçə ay sonra şiə hilalının tərkib hissəsi olan kvazi güclərin məhvi prosesi getdi. Fransa isə Yaxın Şərqdən uzaqlaşdırıldı. Hazırda baş verənlər də göz önündədir.
Qeyd etdiyim məqaləmdən bu günə qayıdaq. Dünən İran dövlətinin gələcəyinin sual altına düşdüyü gündür. Pəhləvilərin hakimiyyətə qayıtması İranın parçalanması prosesinin başlanğıcı ola bilər. Kürdüstanın yaradılmasına məhz İran torpaqlarından başlamaq planının artıq İrandakı kürd qüvvələri tərəfindən həyata keçirilməsi üçün hərəkətə keçilib. Nəzərə alaq ki, nəzərdə tutduqları Kürdüstan dövlətinin tərkibində Cənubi Azərbaycanın ərazisinin bir hissəsi və bir neçə böyük Azərbaycan şəhərlərini də görürlər. İranın körfəz dövlətlərini vurması öz dövlətçiliyi üçün ciddi təhdid formalaşdırdı. Körfəz dövlətləri vahid İran görmək istəmirik yanaşmasını ortaya qoya bilərlər. Türkyənin rolu və qəti mövqeyi önəmlidir. Bütün bu proseslərdə təminatçı, birləşdirici, İran dövləti və dövlətçiliyinin yeganə xilaskarı Məsud Pezeşkian görünür. İstənilən digər lider ya İran daxilində, ya ərəb dövlətləri, ya Türk dövlətləri, ya ABŞ və İsrail tərəfindən qəbul olunmayacaq. Tarix yenə təkrar olunur. (Xətai, Əfşarlar, Nadir şah və sair). Bu proseslərin əslində sürpriz olmadığını və gözləyən biri kimi həmin məqalədə Pezeşkianın yaxın illərdəki (yəni bu günlərdə) İran dövləti üçün tarixi rolu oynayıb oynaya bilməyəcəyinin İranın taleyini həll edəcəyi, həm də İranın özündən də asılı olduğunin mesajını verməyə çalışmışdım.
Yeni Dünya Düzəninin müəyyən çalarları görünməkdədir. AzTv-nin Hədəf verilişində aylar öncə qeyd etdiyim həmin çalarları yazılı şəkildə bir daha qısaca icmallaşdırsam:
– Dünyanın iri korporasiyalarının maya dəyərləri artdığı üçün baha başa gələn brend məhsulları üçün bazarlar daralıb. Çünki, dünyada kapital təmərküzləşməsi (mövzuya bir neçə dəfə toxunduğum üçün təkrar etmirəm) və bir çox ölkələrdə rifah səviyyəsinin aşağı düşməsi səbəbindən alıcılıq qabiliyyətinin zəifləməsi daha ucuz Çin məhsullarının rəqabət imkanlarını artırıb. Bu səbəbdən (yəni bazarların genişləndirilməsi) ölkələrin nüfuz dairəsi üzrə yenidən bölüşdürülməsi prosesi davam edəcək.
– Bir neçə dəfə təkrarladığım kimi, özü iqtisadi cəhətdən inkişaf etmək istəməyən, nüfuz dairəsi altında, o cümlədən qonşuluğunda olan ölkələrin də iqtisadi inkişaflarına imkan verməyən Rusiyanın nüfuz dairəsi ciddi şəkildə daralır və proses davam edəcək;
– Amerika qitəsinin böyük hissəsi (Britaniya amili olduğu üçün Kanada, Qrenlandiya) istisna olmaqla ABŞ-nin birbaşa nüfuz dairəsində olacaq, iqtisadi inkişaflarına mane olan amillərin aradan qaldırılması və investisiyaların qoyulması nəzərdə tutulub. Özləri inkişaf yolunda olan Braziliya, Çili, Argentina kimi ölkələr də bu mövzunun mərkəzində deyil. Hazırda hədəfdə olan ölkələr iqtisadi inkişaf potensialı olub iqtisadi inkişafı olmayan, zəif alıcılıq qabiliyyətinə malik olan, ciddi enerji resursları və nadir yer elementləri olan və Yeni Düzən üçün maneə olan ölkələrdir;
– Hesablamalar göstərir ki, dünya ölkələrinin böyük hissəsi qlobal iqtisadiyyata töhfə vermədiyi və kənarda qaldıqları üçün əslində inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında daralmalara dolayı yolla mənfi təsir göstərirlər. Həm də rifah səviyyəsi aşağı olan ölkələr ucuz Çin məhsulları üçün münbit bazar olmaqla inkişaf etmiş ölkələrin məhsulların rəqabət qabiliyyətini zəiflədirlər;
– Yaxın Şərqdə İsrailin rolu və nüfuz dairəsi genişlənir. Britaniya qismən və Fransa tam olaraq çəkilir;
– Afrika ölkələrinin yüksək iqtisadi inkişaf rəqəmlərini əks etdirən statistik məlumat və düşüncələrimi paylaşdığım üçün mövzuya toxunmuram;
– Uzaq Şərqdə Çin, Yaponiya, Cənubi Koreya, Malayziya, İndoneziya kimi ölkələrlə bağlı məsələlər aydındır. Lakin, Pakistan, Əfqanıstan, Banqladeş, Myanmar, Kamboca kimi digər ölkələrlə bağlı məsələlər aydın deyil. Bu kimi ölkələrin Yeni Düzəndə yerləri və rollarını növbəti illər müəyyən edəcək;
– Avropa İttifaqı ilə bağlı öncəki yazılarımdakı fikirlərimdə qalıram və təkrara lüzum görmürəm;
– Son 10 il ərzində yazılarımda Yeni Düzənin əsas tələblərindən (tələblər əslində çoxdur, daha çox ölkənin qlobal iqtisadiyyatın tərkib hissəsinə qoşulması, rifah səviyyəsi, qlobal iqtisadiyyatdan kənarda qalan dollarların iqtisadi dövriyyəyə daxil edilməsi və sair) birinin daha çox elektrik enerjisi, digərinin isə ucuz enerji olduğunu qeyd edərək, Venesuela, İran və Liviya neftinin 2030-cu ilə qədər dünya bazarlarına çıxacağını vurğulayırdım. Hazırda bir sıra ölkələrdə neft axtarışları sürətlənib, ABŞ özünün neft şirkətlərinə neft/qaz hasilatı ilə bağlı qoyduğu bütün limit və lisenziyaları ləğv edib, Venesuelada neft sənayesinin yenidən dirçəldilməsi prosesinə başlanıb, İran nefti də bazara çıxacaq, növbəti mərhələdə Liviya nefti də…
– Beləliklə, hazırda gedən proseslər, dəyişikliklər fonunda baha neft qiymətlərini (həm də inflyasiya təzyiqi formalaşdırır) ABŞ yaxın müddətlərdə kompensasiya etmək üçün tədbirlərini davam etdirəcək;
– Tez-tez sual verirlər ki, bu Dünya Düzəninin qurulması nə vaxt başa çatacaq? Suala cavabı tarixə qısa ekskursiya ilə verməyə çalışacam. 1907-ci ildə ABŞ birja böhranından sonra (tədqiq etdiyim böhranlardan biri olan, çox maraqlı səbəb və gedişatı olmuş bu böhran ABŞ iqtisadiyyatı üçün təhlükə doğuran böhran idi. Britaniya amili də olduğu üçün ABŞ funt sterlinqi taxtdan salmaq və dolları gücləndirmək qərarına gəldi) 1913-cü ildə Federal Ehtiyatlar Sistemi quruldu və Yeni Dünya düzəninin qurulmasına start verildi. 1914-1918-ci illərdə I Dünya Müharibəsindən sonra yanlış qəbul edilən qərarlar və Rusiyada yeni bir sistemin qurulmasının istənilən şəkildə getməməsi, ardınca 1929-1933-cü il Böyük Çöküş (qlobal böhran) yeni bir dünya müharibəsinə aparırdı. Hitlerin 1933-cü ildə hakimiyyətə gətirilməsi, 1939-cu ildə II Dünya Müharibəsinin başlanması ağrılı proseslər idi. Qısaca desək, 1913-cü ildə başlayan Yeni Düzən formalaşmasının I mərhələsi 1944-cü il Bretton-Vuds ilə başa çatdı. Yəni, Yeni Düzən bir anda qurulmur. Təəssüf ki, hazırki Düzənin də qurulması (bu xəmir) hələ çox su aparacaq.
Haşiyə: 3 il öncə müsahibələrimin birində jurnalistlərdən bir belə bir sual vermişdi: “Təhlilləriniz obyektiv, soyuqqanlı və müxtəlif prizmaları əhatə etsə də şəxsi mövqeyinizi bildirmirsiniz. Qlobal iqtisadiyyatda və ümumiyyətlə gedişat Sizi narahat edir, yoxsa sevindirir?” Sonra qarşılığında xahiş etdi ki, 20 ildən çoxdur ki, (qeyd: əslində 1997-ci ildən etibarən qlobal iqtisadiyyatı və maliyyə sistemini, qlobal böhranları və korporasiyaların biznes və inkişaf prinsiplərini tədqiq edir, araşdırıram) bu məsələləri dərindən araşdıran biri kimi heç olmasa bu suala cavab verərək şəxsi münasibətinizi bildirin. Cavabım bu olmuşdu ki, gedişatdan çox narahatam… Lakin, bu narahatlığımın səbəbləri mətbuatlıq deyil. Bu səbəbdən sualı müsahibədən çıxartdıq.





