6 C
Baku
Monday, March 2, 2026

Yaxın Şərqdə qeyri-müəyyən geosiyasi gərginlik neft və qızılı bahalaşdırır – Analitiklər nə düşünür?

Yaxın Şərqdə münaqişə əvvəlcə kənar risk hesab olunsa da, indi İranda hakimiyyət uğrunda mübarizə və uzanan regional müharibə ehtimalı fonunda investorlar üçün əsas narahatlığa çevrilib. İndi müzakitə mövzusu həm də, bu vəziyyətin qlobal ticarətdən inflyasiyaya qədər bir çox sahəyə təsir göstərə bilmədir.

Banker.az xəbər verir ki, Brent xam neftinin London birjasındakı fyuçersi 10 faiz üzərində bahalaşaraq bir bareli 81.89 dollara qədər bahalaşıb. Qızılın spot qiyməti 5 393 dollara çatıb.

Şənbə günü ABŞ–İsrail zərbələri nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei həlak olub, bundan sonra İran Körfəz şəhərlərinə zərbələr endirib, aviaşirkətlər uçuşları dayandırıb, neft və digər məhsullar daşıyan tanker gəmiləri isə Hörmüz boğazından keçidi müvəqqəti dayandırıb.

Bazarlar üçün ilk risk İranda bundan sonra nə baş verəcəyi ilə bağlı qeyri-müəyyənlikdir. İslam Respublikasının mürəkkəb idarəetmə sistemi, ideoloji dayaqları və İnqilab Keşikçilərinin gücü vəziyyəti daha da çətinləşdirir.

Bu isə son həftələrdə artan neft qiymətləri ilə bağlı proqnozları mürəkkəbləşdirir. Qiymətlər indi həm neft istehsalçısı ölkələrin qərarlarından, həm də Yaxın Şərqdə tanker daşımalarının necə təsirlənəcəyindən asılıdır. Bu isə qlobal inflyasiya və indiyədək təhlükəsiz liman sayılan istiqrazların təhlükəsizliyi üçün ciddi nəticələr yarada bilər.

Sinqapurda yerləşən “Eastspring Investments” şirkətinin sabit gəlir üzrə portfel meneceri Ronq Ren Qoh bildirib ki, Yaxın Şərq üzrə “quyruq riskləri” artıb və İran danışıqlara hazır olduğunu bildirməsə, bazarlar geosiyasi şokdan rejim riski şokuna və uzunmüddətli münaqişə ssenarisinə yenidən qiymət verəcək.

Analitiklərə görə, daha böyük risk bazarların arxayınlaşmasıdır. İnvestorlar ötən ilin iyunundakı “12 günlük müharibə” və ya Rusiyanın Ukraynaya hücumları zamanı olduğu kimi təsirin məhdud qalacağını düşünə bilər və 1979-cu il İran rejim dəyişikliyi ilə müqayisələri ciddi qəbul etməyə bilər.

Brent markalı neft bazar ertəsi təxminən 8% bahalaşıb və ilin əvvəlindən bəri artım 30%-ə yaxınlaşıb. İnvestorlar artıq Yaxın Şərq gərginliyi və Prezident Donald Trampın qeyri-sabit siyasəti fonunda risklərdən qorunmaq üçün ABŞ dövlət istiqrazları və qızıl alıblar.

Qızıl ötən il rekord artım nümayiş etdirib və 2026-cı ildə indiyədək 24% yüksəlib. ABŞ-ın əsas səhm indeksi isə cəmi 0.5% artıb.

“Barclays”analitikləri qeyd ediblər ki, tarix göstərir ki, hərbi əməliyyatlar başlayanda geosiyasi risk mükafatını satmaq daha məntiqlidir. Lakin onların fikrincə, investorlar bu nümunəni öyrəndikləri üçün vəziyyətin nəzarətdən çıxması ssenarisini kifayət qədər qiymətləndirməyə bilərlər.

Onlar həmçinin süni intellekt bumuna və özəl kredit bazarlarına dair mövcud narahatlıqların da satış dalğasını gücləndirə biləcəyini bildiriblər. Analitiklər ABŞ-nin 500 ən iri şirkətinin səhmini ölçən “S&P 500” indeksində 10%-dən çox geriləmə olacağı təqdirdə alış üçün fürsət yarana biləcəyini, lakin hələlik risk-gəlir nisbətinin cəlbedici olmadığını qeyd ediblər.

BAZARLARDA NƏ TƏHLÜKƏSİZDİR?

Bazar ertəsi səhər saatlarında neft bahalaşdığı vaxt təhlükəsiz aktivlər də yüksəlib: dollar möhkəmlənib, qızıl təxminən 1.6% artıb, ABŞ istiqrazlarına tələb yüksəlib. Brent fyuçersləri 8.5% artaraq bir barel üçün 79.05 dollar olub, S&P 500 fyuçersləri isə 1% enib.

“Signum Global Advisors” şirkətinin sədri Çarlz Mayers bu gün Reuters-ə bildirib ki, bazarlar məhdud və hədəfli zərbəni qiymətləndirib, lakin rejimi tam sıradan çıxaran genişmiqyaslı hücum ssenarisi qiymətlərdə əksini tapmayıb.

“Capital Economics” şirkətinin baş inkişaf etməkdə olan bazarlar iqtisadçısı Uilyam Cekson hesab edir ki, təchizatın pozulması ilə uzanan münaqişə neft qiymətlərini 100 dollara qədər qaldıra və qlobal inflyasiyaya 0.6–0.7 faiz bəndi əlavə edə bilər.

Sürixdə yerləşən “GFM Asset Management” şirkətinin investisiya məsləhətçisi Tariq Dennison isə bildirib ki, bazar artıq inflyasiya risklərini şişirdib və əsas təsir ABŞ-dan çox Avropaya ola bilər.

“Eastspring”dən Qoh ABŞ istiqraz gəlirliliyinin 10 illiklər üzrə 4%-dən aşağı düşməsinə diqqət çəkərək, neft qiymətlərində sıçrayış və inflyasiya riski fonunda hazırda ABŞ istiqrazlarının alınmasının riskli ola biləcəyini deyib.

Digər tərəfdən, bəzi analitiklər hesab edir ki, İran Körfəz regionunda ticarəti ciddi şəkildə poza bilməyəcək və neft qiymətlərinə təsir məhdud qalacaq.

Nyu-Yorkda yerləşən “Yardeni Research” şirkətinin prezidenti Ed Yardeni bildirib ki, S&P 500-də mümkün eniş tezliklə ralli ilə əvəzlənə bilər. Onun sözlərinə görə, müharibə bitdikdən sonra neft qiymətlərinin enəcəyi gözləntiləri bazarları dəstəkləyə bilər, qızıl qiyməti isə yenidən əvvəlki səviyyəsinə qayıda bilər. İstiqraz gəlirlilikləri isə həm təhlükəsiz liman tələbi, həm də müharibədən sonrakı aşağı neft qiymətləri perspektivi fonunda enə bilər.

Son xəbərlər
Digər xəbərlər