9 C
Baku
Tuesday, March 3, 2026

Məhkəmədə elektron sübutlardan da istifadə ediləcək

Məhkəmə prosesində elektron formada sübutlardan da istifadə olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən, abunəçi məlumatları, trafik və ya 25 məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bu Məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə bilər.

Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul edilə bilər. Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar (bu Məcəllənin 133-3-cü maddəsinə əsasən mühafizəsinin təmin edilməsi üçün verilməsi halları istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır. Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.

Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən 1 il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər.

Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır. Əldə olunan sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKT sisteminde, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda ve ya elektron verilənlərdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda ve elektron verilənlərdə axtarış aparıla və İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar və ya elektron verilənlər götürülə bilər.

Bundan başqa, Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, məhkumlardan cərimənin məcburi qaydada tutulması ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Layihəyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir.

Bu məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər