9 C
Baku
Wednesday, March 4, 2026

İrandan atılan raket Türkiyə hava məkanında zərərsizləşdirilib

İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Banker.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hatay vilayətinin Dördyol rayonunda yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və ya xəsarət qeydə alınmayıb”, – məlumatda bildirilib.

Həmçinin əlavə olunub ki, Türkiyənin vətəndaşlarının təhlükəsizliyini təmin etmək istiqamətində iradəsi və imkanları ən yüksək səviyyədədir.

“Türkiyə regional sabitlik və sülhün tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlik bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaqdır. Ölkəmizə qarşı yönəlmiş hər cür düşmən mövqeyə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq. Bütün tərəfləri münaqişələrin bölgədə daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik”.

Son xəbərlər
Digər xəbərlər