Videooyunlar və oyun konsollarının hazırlanması üzrə ixtisaslaşan Yaponiyanın “Nintendo” şirkətinin bazar kapitallaşması yeni “Pokémon Pokopia” oyununun uğuru fonunda bir həftə ərzində 14 milyard dollar artıb. Bu barədə “Bloomberg” agentliyi yazır.
Agentliyin hesablamalarına görə, “Nintendo”nun səhmləri ardıcıl dörd ticarət sessiyası ərzində yüksəlib və 13 mart səhəri 2,7% bahalaşıb. Şirkətin qiymətli kağızları 2016-cı ilin iyulundan bəri ən böyük həftəlik artımı göstərərək təxminən 19% yüksəlib.
“Bloomberg” yazır ki, yeni videooyunun uğurlu debütü “Nintendo”ya ötən ilin sonundan bəri yaddaş çiplərinin çatışmazlığı səbəbindən səhmlərdə yaranan itkilərin bir hissəsini kompensasiya etməyə kömək edib. Bununla belə, operativ yaddaşın qiymətinin kəskin artması yeni “Switch 2” konsolunun satışından əldə olunan mənfəətə mənfi təsir göstərə bilər.






