Volojun sərvəti “Nebius” səhmlərinin bahalaşması fonunda bir gündə $521 mln. artıb

“Forbes Real-Time Billionaires” siyahısına görə, 17 mart tarixinə Arkadi Volojun sərvəti bir gün ərzində 521 milyon dollar artıb. Nəticədə “Yandex”in həmtəsisçisi 4,4 milyard dollarlıq sərvətlə “Forbes”in qlobal milyarderlər reytinqində 954-cü yeri tutub.

Milyarderin sərvətindəki artım “Nebius” şirkətinin səhmlərinin bahalaşması ilə bağlıdır. Martın 16-da “Nasdaq” birjasında ticarətin bağlanışı zamanı səhmlər 14,96% artaraq bir səhm üçün 125,85 dollara yüksəlib. Martın 17-də premarketdə isə (Bakı vaxtı ilə 14:15-də) qiymət 0,42% azalaraq 129,30 dollar olub.

Voloj “Yandex”i 2000-ci ildə İlya Seqaloviçlə birlikdə təsis edib. 2022-ci ildə Avropa İttifaqı Voloja qarşı sanksiyalar tətbiq edib və həmin il o, “Yandex”dəki bütün vəzifələrindən ayrılıb. 2023-cü ilin avqustunda milyarder ilk dəfə Ukraynadakı müharibə barədə danışaraq Rusiya hakimiyyətinin qərarını tənqid edib və ölkənin hərəkətlərinə görə müəyyən məsuliyyətin öz üzərinə də düşdüyünü etiraf edib.

2026-cı ilin əvvəlində Voloj Rusiya vətəndaşlığından imtina edərək İsrail vətəndaşlığını qəbul edib.

2024-cü ilin iyulunda Volojun təsis etdiyi “Yandex N.V.” şirkəti “Yandex”in Rusiya aktivlərini “Lukoil”, şirkət menecerləri və üç özəl investorun daxil olduğu konsorsiuma 5,2 milyard dollara satıb. Bu razılaşma nəticəsində “Yandex N.V.” səhmdarlar tərkibindən çıxaraq beynəlxalq biznesi saxlayıb və adını “Nebius” olaraq dəyişib.

Voloj ailə trastı vasitəsilə “Nebius” şirkətinin 13% səhmlərinə sahibdir.

“Nebius” generativ süni intellekt modellərinin təlimi və dəstəyi üçün hesablama güclərinin icarəsi xidmətlərini təqdim edir. 2025-ci ilin martından 2026-cı ilin martına qədər şirkətin bazar kapitallaşması 4,5 dəfə artaraq 32,85 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər