“Dəmirbank” ASC-nin səhmdarlarının bu günlərdə keçirilən illik yığıncağında onlara Bankın 2015-ci ili zərərlə başa vurduğu bildirilib.
Reportun əldə etdiyi məlumata görə, bu səbəbdən də ötən ilin yekunları ilə bağlı səhm sahiblərinə dividend ödənilməyəcək.
Xatırladaq ki, 2015-ci ildən fərqli olaraq “Dəmirbank” 2014-cü ildəki fəaliyyətinin yekunu olaraq səhmdarlarına dividend ödəyib. Belə ki, Bank həmin ili 5,294 mln. manat xalis mənfəətlə tamamlayıb. Bundan başqa, kredit təşkilatı sahibi olduğu əmlakın yenidən qiymətləndirilməsi hesabına mənfəətini 77 min manat artıraraq 5,371 mln. manata çatdırıb.
“Dəmirbank” bu vəsaitin 4,371 mln. manatını bölüşdürülməmiş mənfəətinə əlavə edərək bu məbləği 16,102 mln. manatdan 20,473 mln. manata qədər artırıb. Qalan 1 mln. manat isə səhmdarlara dividend kimi (hər səhmə təxminən 0,01 manat) ödənilib.
Qeyd edək ki, “Dəmirbank” ASC 1989-cu ildə “Azərdəmiryolbank” adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Bankın nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhm əsasında formalaşıb.
Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), 0,25%-i digər hüquqi şəxslər, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 45,14%-i isə 858 fiziki şəxsə məxsusdur.