Azərbaycan və Özbəkistan ortaq turizm marşrutları hazırlayacaq

Azərbaycan və Özbəkistan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq turizm məhsullarının hazırlanması və qarşılıqlı turist axınının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə Dövlət Turizm Agentliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Azərbaycan və Özbəkistan hökumətləri arasında imzalanmış sənədlər sırasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş də yer alıb.

Sazişə əsasən, iki ölkənin turizm potensialının birgə təşviqi, qarşılıqlı turist axınının artırılması, ortaq turizm marşrutları və məhsullarının hazırlanaraq beynəlxalq bazarlarda tanıdılması əsas əməkdaşlıq istiqamətlərindən biri olacaq.

Sənəd turizm sənayesi subyektləri arasında tərəfdaşlığın inkişaf etdirilməsini, marketinq və rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsini, dayanıqlı turizm və mədəni-təbii irsin qorunmasını da nəzərdə tutur. Kənd turizmi, aqroturizm, ekoturizm, qastronomiya, sağlamlıq və idman turizmi üzrə əməkdaşlığın genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

Bununla yanaşı, turizm infrastrukturu və investisiya imkanları, kadr hazırlığı, beynəlxalq turizm tədbirlərində qarşılıqlı iştirak, eləcə də Böyük İpək Yolu irsi ilə bağlı turizm məhsullarının təşviqi üzrə birgə fəaliyyət nəzərdə tutulur.

Sazişin icrası üzrə Azərbaycan tərəfdən Dövlət Turizm Agentliyi, Özbəkistan tərəfdən isə ölkənin Turizm Komitəsi səlahiyyətli qurum kimi müəyyən edilib. Tərəflərin birgə proqram və əməkdaşlıq planları hazırlaması, işçi qruplar yaratması və müxtəlif istiqamətlər üzrə məsləhətləşmələr aparması planlaşdırılır.

Agentlikdən qeyd edilib ki, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq bundan əvvəl də həyata keçirilib. Azərbaycan Turizm Bürosu ilə Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında 2025-ci ilin aprelində və 2026-cı ilin iyununda turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Tərəfdaşlığın əsas istiqamətlərindən biri Azərbaycan və Özbəkistanın turizm imkanlarının beynəlxalq bazarlarda birgə təqdim edilməsi və ortaq turizm məhsullarının təşviqidir.

Ötən il iki ölkənin birgə İpək Yolu marşrutu əsasında hazırlanmış turizm məhsulu Avropa bazarında təqdim olunub. Bu məqsədlə Almaniya, Macarıstan, İsveçrə, Çexiya, Avstriya və İspaniyada silsilə tanıtım tədbirləri – “roadshow”lar keçirilib.

Əsas hədəflərdən biri Azərbaycan və Özbəkistanın İpək Yolu irsini, tarixi-mədəni əlaqələrini və turizm imkanlarını vahid səyahət təcrübəsi kimi təqdim etməklə hər iki ölkənin beynəlxalq turizm bazarında cəlbediciliyini artırmaqdır.

Dövlət Turizm Agentliyindən bildirilib ki, qarşılıqlı turist axınının artırılması baxımından 2027-ci ildə 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının – FIFA U-20 Dünya Çempionatının Azərbaycan və Özbəkistanda keçirilməsi də yeni imkanlar yaradacaq.

Çempionatın oyunlarının hər iki ölkədə təşkili beynəlxalq azarkeşlərin, idman nümayəndə heyətlərinin və digər ziyarətçilərin regiona səfərinin artmasına, eyni zamanda Azərbaycan və Özbəkistanın turizm imkanlarının daha geniş auditoriyaya təqdim olunmasına şərait yarada bilər.

Cari il ərzində Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında əməkdaşlıq çərçivəsində Almaniya, Finlandiya və İsveçdə birgə tanıtım tədbirlərinin keçirilməsi də planlaşdırılır.

Bundan başqa, Avropa ölkələrindən media nümayəndələri və turizm məzmunu yaradıcılarının əvvəlcə Azərbaycana, daha sonra Özbəkistana səfərlərinin təşkili nəzərdə tutulur. Məqsəd hər iki ölkənin turizm imkanlarını vahid səyahət təcrübəsi çərçivəsində təqdim etmək və iki istiqaməti birləşdirən turizm məhsullarını tanıtmaqdır.

Növbəti illərdə birgə marketinq fəaliyyətlərinin Avropa ilə yanaşı, Asiya ölkələrini də əhatə etməsi və Azərbaycan-Özbəkistan turizm məhsullarının daha geniş coğrafiyada təşviqi planlaşdırılır.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər