BANKER.AZ — ABŞ və İsrail qüvvələrinin İrana qarşı hərbi əməliyyatları fonunda bölgədə gərginlik artmaqda davam edir. Qərb KİV-lərinin məlumatına görə, İranın cənubunda, Hörmüzqan əyalətində yerləşən Bəndər Lingə limanı hava zərbələrinə məruz qalıb. Böyük Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti bildirib ki, hücum nəticəsində itkilər və ya ticarət gəmilərinə ziyan dəyməsi barədə məlumat yoxdur. Fars körfəzi sahilində yerləşən Bəndər Lingə limanı tranzit daşımalar baxımından mühüm əhəmiyyət daşıyır və xüsusi iqtisadi zona statusuna malikdir.
Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi general Əli Məhəmməd Naeini ABŞ və İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olub. SEPAH bu məlumatı təsdiqləyərək bildirib ki, hadisə Ramazan ayının son günü sübh saatlarında baş verib. Generalın ölümü ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
İsraildə isə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini idarə etmiş ehtiyatda olan hərbi qulluqçu İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb. Məlumata görə, o, “Telegram” vasitəsilə ələ alınıb və hərbi bazaların koordinatları ilə yanaşı, vəzifəli şəxslər barədə məlumatları ötürüb. Şəxs “Şir nərəsi” əməliyyatından bir gün sonra həbs olunub və ittihamları etiraf edib. Prokurorluq onun həbs müddətinin məhkəmə araşdırması başa çatana qədər uzadılmasını istəyir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu müddət ərzində İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bundan əlavə, Axios yazır ki, ABŞ-ın İranın neft ixracı üçün əsas məntəqələrdən biri olan Xarq adası ilə bağlı mümkün hərbi planları müzakirə etdiyi bildirilir. Mənbələrə görə, məqsəd Hörmüz boğazında nəqliyyatın açıq qalmasını təmin etməkdir. Bununla belə, planla bağlı hələlik yekun qərar verilməyib.







