Avropa ABŞ və İsrailin İrana qarşı başlatdığı münaqişə səbəbindən enerji təchizatı sahəsində mümkün böhran və qiymət artımına hazırlaşır. Bu barədə İspaniyanın “El País” qəzeti yazır.
Avropa Komissiyası (AK) Ukraynadakı münaqişədən sonra tətbiq edilən tədbirlərə bənzər fövqəladə addımların mümkünlüyünü nəzərdən keçirir. Brüssel həmçinin qısamüddətli tədbirləri də müzakirə edir — məsələn, kondisioner sistemlərində temperaturun tənzimlənməsi, uzaqdan işin təşviqi, hətta yanacaq norması tətbiqi və uçuşlara məhdudiyyətlər.
AK bildirir ki, hazırda təchizat üçün birbaşa risk yoxdur. Bununla belə, bazarlar Brent markalı neftin bahalaşmasının təsirini artıq hiss edir ki, bu da Avropada qaz və neft qiymətlərinin artmasına səbəb olub. Avropa Komissiyasının hesablamalarına görə, İran ətrafında münaqişənin başlanmasından bəri Aİ-nin fosil yanacaq idxalına xərcləri 14 milyard avro artıb.
Nəşrin yazdığına görə, Yaxın Şərqdəki vəziyyət yalnız enerji sektoruna və qlobal enerji bazarlarına təsir etmir. Artıq gübrə tədarükünə təsirlə bağlı ciddi narahatlıqlar var ki, bu da məhsuldarlığa mənfi təsir göstərə və qlobal ərzaq böhranına səbəb ola bilər. Ekspertlərin fikrincə, vəziyyət dərman tədarükünə də təsir göstərə bilər.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ən böyük İran şəhərlərinə, o cümlədən Tehrana endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini və İsrailə zərbələr endirdiyini bildirib. ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hücumlara məruz qalıb.
İran hakimiyyəti həmçinin ABŞ, İsrail və İslam Respublikasına qarşı “aqressiyanı” dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Münaqişə müddətində Tehran icazəsi olmadan boğazdan keçən bir sıra tankerlər hücuma məruz qalıb. Martın 25-də İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla dost ölkələr üçün Hörmüz boğazından keçidə icazə verib.







