2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 1 mlrd. 80,3 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Eyni dövrdə qeyri neft-qaz məhsullarının ixracı 580,7 milyon dollar olub və ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 19,7% artıb, real ifadədə isə 14,3% azalıb.
İdxal strukturunda dəyişikliklər müşahidə olunub. Buğda idxalı 37,2%, avtobuslar 2,3 dəfə, təzə meyvə 11,9%, qara metallardan borular 21,7%, hesablama maşınları və qurğuları 21,9% artıb. Eyni zamanda minik avtomobilləri 31,5%, dərman vasitələri 34,7%, polad prokatı 23,1%, kərə yağı və digər süd məhsulları 32,9%, ayaqqabı isə 1,2% azalıb.
Hüquqi və fiziki şəxsləri dünyanın 150 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub və 138 ölkədən idxal həyata keçirilib.
Azərbaycanın strateji valyuta ehtiyatları 1 aprel 2026-cı il tarixinə 85 milyard 151,1 milyon ABŞ dollarına yüksəlib və son bir ildə 15,9% artım nümayiş etdirib. Ehtiyatların əsas artım hissəsinin ARDNF-nin payına düşdüyü bildirilir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri üzrə nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,8 faiz bəndi azalaraq fevral ayında 27,7%-ə enib. AMB-nin ehtiyatları isə 1 aprel tarixinə 11 milyard 656,8 milyon ABŞ dolları təşkil edib və rüblük 1,2%, illik 6% artım göstərib.
Mərkəzi Bank xarici sektor göstəricilərinin əlverişli olduğunu və 2026–2027-ci illər üzrə cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozun dəyişməz qaldığını bildirib.





