“Inditex” (tərkibinə “Zara”, “Pull & Bear”, “Bershka”, “Oysho” daxildir) şirkətinin qurucusu Amansio Orteqa dünyanın ən bahalı daşınmaz əmlak portfelinə sahib olan şəxsdir. Onun 13 ölkədə yerləşən 200-dən çox daşınmaz əmlak obyekti var və ümumi dəyəri təxminən 25 milyard dollar təşkil edir.
“Forbes” qeyd edir ki, Orteqa bu aktivlərə əsasən “Pontegadea”, “Pontegadea GB” və “Partler” investisiya şirkətləri vasitəsilə sahibdir. Daşınmaz əmlak aktivlərinin həcminə görə ilk üçlükdə həmçinin “Harry Triguboff” (23,2 milyard dollar) və “Donald Bren” (19,2 milyard dollar) yer alır.
Orteqanın mülkləri arasında Madriddə yerləşən “Picasso Tower” göydələni, Barselonada “Grupo Planeta”nın baş ofisi, Torontoda “Royal Bank of Canada”nın qərargahı və Londonda yerləşən “Devonshire House” malikanəsi var.
2026-cı ilki hesablamalara görə, Amansio Orteqa İspaniyanın ən varlı insanıdır və dünya üzrə “Forbes” reytinqində 124 milyard avro sərvətlə 10-cu yeri tutur.





