ABŞ-ın texnologiya sektoru ixtisar dalğasından keçir. Bulud hesablamaları bazarında böyük oyunçuya çevrilmək iddiasında olan Oracle bu yaxınlarda minlərlə iş yerinin bağlandığını açıqlayıb. Rəqəmsal ödənişlər sahəsinin favoritlərindən sayılan Block isə 4 mindən çox işçini ixtisar edir — bu, şirkət ştatının demək olar yarısı deməkdir. Amazon və Meta da ixtisarlarla bağlı qərarlarını elan ediblər. 2022–2025-ci illər arasında bu iki şirkət və “möhtəşəm yeddilik” adlandırılan texnoloji nəhənglərdən daha beşi əməkhaqqı fondunu demək olar ki, artırmayıb. Texnologiyanın dünya paytaxtı sayılan San-Fransiskoda isə texnologiya ilə bağlı olan və olmayan ümumi məşğulluq 2023-cü ilin əvvəlindən bəri 3% azalıb.
Bu, rəhbərlərin iddia etdiyi kimi texnologiya sahəsinin tənəzzüldə olması ilə bağlı deyil. Əksinə, sektor süni intellekt sayəsində yeni bir nəsil artım dövrünü yaşayır. Süni intellekt tərəfdarları bildirirlər ki, bu texnologiya bir çox İT mütəxəssisinin gördüyü işi son dərəcə sürətlə mənimsəyir — Anthropic-in son modeli də bunu göstərərək narahatlıq yaradır. Sadə dillə desək, insanlar tədricən artıq lazım olmayan qüvvəyə çevrilirlər.
İT sahəsində “süni intellekt apokalipsisi” ilə bağlı qorxular çoxdan Silikon Vadisinin sərhədlərini aşıb. ABŞ üzrə texnologiya sektorunun ümumi məşğulluqdakı payı 2022-ci ilin sonunda qeydə alınmış 2,5%-lik pik həddən bu gün 2,3%-ə enib. Əvvəlki tendensiyalara əsasən gözləniləndən fərqli olaraq indi 500 mindən çox İT işi “yoxa çıxmış” sayılır. Bəzi altsektorlarda məşğulluq kəskin azalıb: məsələn, “veb axtarış portalları və digər informasiya xidmətləri” sahəsində çalışanların sayı 2022-ci ilin dekabrı ilə müqayisədə 7% azdır. Yüksək maaş alan mütəxəssislər, onların çoxu məhz İT-də çalışır, hesab edirlər ki, qarşıda daha böyük sarsıntılar ola bilər. Ən yüksək gəlirli 10%-lik qrup heç vaxt indiki qədər işini itirməkdən narahat olmayıb.
İT sahəsində iş yerlərinin azalması yalnız ABŞ-a xas hadisə deyil. ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada, Fransa, Yaponiya və Norveç daxil olmaqla yeddi iri iqtisadiyyatda İT məşğulluğu üzrə müqayisə oluna bilən məlumatlar toplanıb. Buraya proqram təminatı, kompüter proqramlaşdırması və bulud hesablamaları ilə məşğul olan şirkətlər daxildir. Təhlil kifayət qədər sabit bir mənzərə ortaya qoyur. 2022-ci ilə qədərki dövrdə İT sektorunda məşğulluq sürətlə artırdı. Həmin ilin noyabrında isə OpenAI ChatGPT-ni geniş auditoriya üçün istifadəyə verdi və bununla süni intellekt dövrü başladı. O vaxtdan bəri İT-nin ümumi məşğulluqdakı payı ya yerində sayır, ya da azalır. Təbii ki, bu təsadüf deyil, eləmi?
Bəlkə də elə təsadüfdür. Süni intellektin əmək bazarına təsirini araşdıran iqtisadçılar üçün ChatGPT-nin istifadəyə verilməsi rahat başlanğıc nöqtəsidir. Amma bu yanaşma eyni zamanda yanıltıcı da ola bilər. Süni intellektin ilk alətləri olduqca primitiv idi. Yalnız 2025-ci ilin fevralında Anthropic-in hazırladığı süni intellekt əsaslı proqramlaşdırma köməkçisi Claude Code təqdim ediləndən sonra süni intellektin proqram mühəndisini əvəz edə biləcəyi fikri heç olmasa müəyyən qədər inandırıcı görünməyə başladı. Son aylara qədər, yəni Claude Code texnologiya şirkətlərinə Kaliforniya meşə yanğını kimi yayılana qədər, İT sahəsində işə qəbulun yavaşımasını ciddi şəkildə süni intellektlə əlaqələndirmək çətin idi.
Bu alətlərdən ruhlanan süni intellekt həvəskarları onların populyarlığını, dolayısıyla makroiqtisadi təsirini də olduğundan artıq qiymətləndirirlər. ABŞ Siyahıyaalma Bürosunun hesablamalarına görə, San-Fransisko metropoliten bölgəsində yerləşən şirkətlərin yalnız 28%-i süni intellektdən gündəlik işdə müntəzəm istifadə edir. ABŞ üzrə ümumi mənzərə bundan da aşağıdır. Üstəlik, istifadə iş yerlərinin sıradan çıxması demək deyil. İngiltərə Bankının əməkdaşı İvan Yotsov və həmkarlarının ABŞ, Avstraliya, Böyük Britaniya və Almaniyada apardığı son sorğu göstərib ki, son üç ildə süni intellekt məşğulluğa “demək olar ki, sıfır” təsir göstərib.
Tarix də ehtiyatlı olmağa əsas verir. İlk baxışda elə görünə bilər ki, iqtisadiyyat getdikcə daha çox texnoloji xarakter aldıqca, texnologiya sektorunun ümumi məşğulluqdakı payının artması sarsılmaz qanundur. Amma 2000-ci illərin böyük hissəsində ABŞ, Avstraliya, Böyük Britaniya və Kanadada bu pay demək olar dəyişmirdi. Hələ 2006–2007-ci illərdə, inkişaf etmiş dünya nəhəng maliyyə köpüyü şişirdiyi vaxtda belə, İT məşğulluğu zəif idi. Aydındır ki, burada süni intellektin heç bir rolu yox idi. O dövrdə əsas əngəl 2000-ci ildəki dotcom çöküşü idi. Bu böhran sahədə iş yerlərinin artımını ləngitmişdi. Böyük çöküşdən sonra bir çox İT şirkəti tədricən vəsaitsiz qalmış və bağlanmağa məcbur olmuşdu.
Ancaq onilliyin ortalarına doğru analitiklər başqa amillərin də rol oynadığını söyləməyə başladılar. Xərcləri azaltmaq üçün şirkətlər tapşırıqları getdikcə daha çox Hindistanın TCS və Infosys kimi xarici İT konsaltinq şirkətlərinə ötürürdülər. Digər mühüm amil pul-kredit siyasəti idi. 2004-cü ilin sonlarında ABŞ-da faiz dərəcələri artmağa başladı. Borclanma xərclərinin yüksəlməsi biznesin proqram təminatına və kompüter avadanlıqlarına yatırım həvəsini azaldırdı, bu da öz növbəsində onları quraşdıran və dəstəkləyən insanlara tələbi aşağı salırdı.
İndiki vəziyyət qorxuducu dərəcədə həmin dövrü xatırladır. COVID-19 pandemiyası zamanı evə qapanan istehlakçılar rəqəmsal hər şeyə tələbi kəskin artırdılar və bir çox şirkət kütləvi işə qəbul bumuna başladı. 2022-ci ildə isə mərkəzi banklar pandemiyanın yaratdığı inflyasiyanın keçici bir hal deyil, daha dərin problem olduğunu başa düşdükdən sonra faiz dərəcələri sürətlə yüksəlməyə başladı. 2023-cü ildə biznesin İT-yə yatırımları kəskin şəkildə yavaşıdı. Xərcləri azaltmaq istəyən şirkətlər yenidən autsorsinqə üz tutdular. 2021–2024-cü illər arasında — bu, mövcud olan son məlumatlardır — ABŞ-ın bulud hesablamaları və məlumatların saxlanması ilə bağlı xidmət idxalı iki dəfədən çox artıb. San-Fransisko körfəzi səviyyəsində maaş alan birini işə götürməkdənsə, eyni xidməti Banqalordan onun dörddəbir qiymətinə almaq mümkün idisə, niyə əlavə xərcə getməliydilər?
Burada daha qeyri-müəyyən bir tendensiya da var. Silikon Vadisindəki bir çox şirkət işə qəbulu dondursa da, başqa sahələrdə fəaliyyət göstərən şirkətlər İT bacarıqları olan mütəxəssisləri məmnuniyyətlə özlərinə cəlb edirlər. ABŞ-da peşələr üzrə məlumatların təhlili — özünü “proqram təminatı hazırlayıcısı” və s. kimi təqdim edənlər də nəzərə alınmaqla — İT mütəxəssislərinə yüksək tələbat olduğunu göstərir. Hazırda əhalinin 3,7%-i texnologiya ilə bağlı peşələrdə çalışır. 2022-ci ilin noyabrında bu göstərici 3,6% idi. Federal Ehtiyat Sistemindən Leland Crane və Paul Soto-nun yeni araşdırmasına görə, şirkətlər ChatGPT-dən əvvəlki dövrlə müqayisədə proqramçıları daha yavaş templə işə götürürlər, amma yenə də işə götürməyə davam edirlər.
Süni intellektlə əlaqələndirilməyən, daha az parlaq görünən iqtisadiyyat — yəni pərakəndə ticarət, banklar, xəstəxanalar, istehsal müəssisələri və inkişaf etmiş ölkələrdə məşğulluğun əsas hissəsini daşıyan başqa şirkətlər də ümid edir ki, süni intellekt bir “texnarın” daha çox iş görməsinə imkan verəcək. Amma belə şirkətlərin bir çoxu hələ də az sayda texnoloji mütəxəssis işə götürdüyünə görə bu da İT bacarıqlarına tələbin yüksək qalması deməkdir. 2022–2025-ci illər arasında ABŞ pərakəndə ticarətində kompüter və proqram təminatı sahəsində çalışanların sayı 12% artıb. Daşınmaz əmlak sektorunda bu artım 75%, tikintidə isə demək olar ki, 100% olub.
Başqa sözlə, süni intellektdən gələn təhlükə havada dolaşsa da, İT iş yerləri yox olmur. Onlar sadəcə iqtisadiyyatın müxtəlif sahələrinə yayılır. Bir vaxtlar varlanmağın yolu Google və ya Meta-da işləməkdən keçirdi. Bu gün isə ambisiyalı gənc proqramçı Starbucks-a müraciət etməyi düşünə bilər — sadəcə bu dəfə barista olmaq üçün yox.








