ABŞ və İran arasında saziş yaxın vaxtlarda əldə oluna bilər, danışıqlar yekun mərhələdədir. Bu barədə “Reuters” agentliyi Pakistanın təhlükəsizlik sahəsindəki mənbəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər pərdəarxası diplomatiya çərçivəsində irəliləyiş əldə ediblər və qarşıdakı görüş qarşılıqlı anlaşma memorandumu imzalanması ilə nəticələnə bilər. Gözlənilir ki, bundan sonra 60 gün ərzində tamhüquqlu saziş bağlanacaq. Agentlik bildirir ki, tərəflər artıq prinsipial razılaşmalara nail olublar, texniki detallar isə sonradan razılaşdırılacaq.
Diplomatik dairələrdəki mənbə Reuters-ə bildirib ki, əsas vasitəçi rolu Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir oynayır. O, həftənin ortalarından etibarən Tehranda danışıqlar aparır və bir sıra mürəkkəb məsələlər üzrə irəliləyiş əldə edə bilib.





