Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantıları çərçivəsində maliyyə nazirləri, mərkəzi bank rəhbərləri və tənzimləyicilər diqqəti gözlənilmədən geosiyasət və borc risklərindən süni intellektin (Sİ) ən yeni modellərindən qaynaqlanan təhlükələrə yönəldiblər, bu barədə “Financial Times” yazır.
Əsas müzakirə mövzusu “Anthropic” şirkətinin eksperimental Sİ aləti olan “Claude Mythos Preview” olub. Bu alət artıq bütün əsas əməliyyat sistemləri və brauzerlərdə minlərlə yüksək kritik zəifliyi aşkar etmək qabiliyyətini nümayiş etdirib.
İngiltərə Bankının rəhbəri və Maliyyə Sabitliyi Şurasının (FSB) sədri Endryu Beyli vəziyyəti “çox ciddi çağırış” adlandıraraq, tənzimləyicilərin qlobal maliyyə sistemi üçün kiberriskləri sürətlə qiymətləndirməli olacağını bildirib.
Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard “Mythos”u “məsuliyyətli inkişafın” nümunəsi kimi göstərib, lakin qeyd edib ki, bu cür texnologiya “yanlış əllərə düşərsə”, fəlakətli nəticələrə gətirib çıxara bilər. “Anthropic” artıq etiraf edir ki, oxşar imkanların daha geniş auditoriyaya yayılması zaman məsələsidir, o cümlədən təhlükəsiz istifadə öhdəlikləri olmayan şəxslər üçün.
Bəzi tənzimləyicilər isə mövcud geosiyasi gərginlik və Yaxın Şərqdəki münaqişə fonunda Sİ təhlükəsinə qarşı qlobal koordinasiyalı cavabın mümkünlüyünə skeptik yanaşırlar.
Hazırda “Mythos” təxminən 40 iri şirkətdə test edilir. Onlar arasında “Amazon”, “Apple” və “JPMorgan Chase” kimi şirkətlər var. Həmçinin ABŞ-nin bir sıra iri bankları da bu alətdən istifadə edir. “JPMorgan”, “Morgan Stanley”, BNY və “Citigroup” rəhbərləri beta versiya ilə işlədiklərini təsdiqləyərək, “düzəldilməsi lazım olan çoxlu zəifliklər” aşkar etdiklərini və eyni zamanda infrastrukturun səmərəliliyinin və daxili kibertəhlükəsizliyin artırılması baxımından potensial üstünlükləri vurğulayıblar.
Bununla yanaşı, siyasətçilər tənzimləmədə həddən artıq sərt addımlar atmaqdan çəkinirlər. Beylinin sözlərinə görə, çox erkən və sərt tədbirlər ya hədəfi tutmaya, ya da əhəmiyyətli iqtisadi faydalar vəd edən texnologiyanın inkişafını ləngidə bilər.
Paralel olaraq digər şirkətlər də öz “kiber” yönümlü Sİ modellərini təqdim edirlər. “OpenAI” kibertəhlükəsizlik tapşırıqları üçün xüsusi təlimləndirilmiş və funksional məhdudiyyətləri daha az olan “GPT-5.4-Cyber” modelinin məhdud testlərinə başladığını elan edib.






