Neft qiymətləri ABŞ və İran arasında artan gərginlik fonunda yüksəlib. ABŞ Prezidenti Donald Tramp atəşkəsin uzadılacağını açıqladıqdan sonra bazarda artım qeydə alınıb.
Banker.az xəbər verir ki, Brent neftinin qiyməti 3.6% artaraq 98.89 dollar-barelə, WTI isə 2.9% yüksələrək 89.98 dollar-barelə çatıb. Ötən gün Brent 101 dollara qədər yüksəlmişdi.
Gərginlik ABŞ-ın İran bayraqlı yük gəmisini ələ keçirməsindən sonra kəskinləşib. Tehran buna cavab olaraq tədbirlər görəcəyini bildirib və Hörmüz boğazı yenidən bağlayıb. İran bu addımı ABŞ-ın liman və sahillərinə tətbiq etdiyi blokadaya cavab kimi izah edir.
İranın xarici işlər naziri Abbas Əraqçi blokadanı “müharibə aktı” adlandıraraq bunun atəşkəsin pozulması olduğunu bildirib. ABŞ isə blokadanın sülh razılaşması əldə olunana qədər davam edəcəyini açıqlayıb.
Tramp bildirib ki, İran vahid danışıqlar mövqeyi formalaşdırana qədər iki həftəlik atəşkəs uzadılacaq. Bununla belə, danışıqların gələcəyi qeyri-müəyyən olaraq qalır. ABŞ-ın vitse-prezidenti Cey Di Vens-in Pakistanın paytaxtı İslamabada planlaşdırılan səfəri İranın cavab verməməsi səbəbindən təxirə salınıb. Son məlumatlara görə, İran ümumiyyətlə danışıqlarda iştirakdan imtina edib.
Eyni zamanda İranın “Fars” xəbər agantliyi bildirib ki, ölkə danışıqlarda iştirak edib-etməmək barədə hələ qərar verməyib. Dövlət mediası isə qeyd edib ki, Tehran danışıqların bərpası üçün əvvəlcə ABŞ-ın blokadanı ləğv etməsini istəyir. Daha sonra Tasnim News Agency İranın danışıqlarda iştirak etməyəcəyini yazıb. Bundan az sonra Associated Press JD Vance-in səfərinin ləğv edildiyini bildirib.
Analitiklər qeyd edir ki, qlobal neftin təxminən 20%-nin daşındığı Hörmüz boğazında nəqliyyatın məhdudlaşması bazar üçün əsas risk olaraq qalır. Bu marşrutun bağlanması ilkin qiymət sıçrayışına səbəb olsa da, qiymətlər hələ də müharibədən əvvəlki səviyyədən yüksəkdir.
Eyni zamanda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri alternativ marşrutlardan istifadəni artırıb. Yanbu və Füceyrə terminalları vasitəsilə daşımalar gündəlik 6.5 mln. barelə çatıb ki, bu da müharibədən əvvəlki 5.0 mln. barel səviyyəsindən xeyli yüksəkdir.





