“PAŞA Sığorta” ASC 2026-cı ilin birinci rübünü 8.52 milyon manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin birinci rübündə şirkətin xalis mənfəəti 14.2 milyon manat təşkil etdiyi halda, cari ilin eyni dövründə mənfəət vergisi ödənildikdən sonra bu rəqəm əhəmiyyətli dərəcədə aşağı düşüb.
Şirkətin ümumi gəlirləri illik müqayisədə 13.95% artaraq 88.57 milyon manata çatıb. Qeyd olunan dövrdə əsas əməliyyat gəlirləri 122.8 milyon manat olmaqla ötən ilin eyni rübü ilə müqayisədə 6.66% yüksəlib. Bununla belə, xərclərdə də artım müşahidə olunub. Şirkətin cəmi xərcləri ötən ilin birinci rübündəki 43.85 milyon manatdan 37.45% artaraq 60.28 milyon manata yüksəlib.
Xərclər strukturunda əsas paya malik olan işlərin aparılması xərcləri isə 16.33 milyon manatdan 17.35 milyon manata qalxaraq 6.25% artım nümayiş etdirib.
İnvestisiya fəaliyyəti istiqamətində isə şirkət gəlirlərini artırmağa nail olub. Belə ki, investisiya gəlirləri 2025-ci ilin birinci rübündəki 4.18 milyon manatdan 25.06% artaraq 5.23 milyon manata çatıb. İnvestisiya portfelinin strukturunda ciddi dəyişikliklər müşahidə olunur. Belə ki, dövlət istiqrazlarına qoyulan vəsaitlər 25.64% azalaraq 98.87 milyon manata düşsə də, depozitlərin həcmi kəskin şəkildə artaraq 43.5 milyon manatdan 123.5 milyon manata yüksəlib ki, bu da 183.91%-lik böyümə deməkdir. Nəticədə, şirkətin cəmi investisiyalarının həcmi 230.26 milyon manatdan 8.86% artaraq 250.65 milyon manata çatıb.






