Meksika və Avropa İttifaqı (Aİ) mayın 22-də Meksika paytaxtında keçiriləcək VIII ikitərəfli sammit çərçivəsində strateji tərəfdaşlıq haqqında saziş və aralıq ticarət razılaşması imzalayacaq. Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin ölkə prezidenti Klaudiya Şeynbaum ilə Avropa Şurasının sədri Antonio Koşta arasında baş tutan telefon danışığından sonra yayımladığı kommünikedə bildirilir.
Sənəddə qeyd olunur ki, sammitin əsas nəticələrindən biri “Meksika ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq haqqında sazişin” (yenilənmiş qlobal saziş) və aralıq ticarət razılaşmasının imzalanması olacaq.
Bəyanatda vurğulanır ki, yeni saziş 25 il əvvəl formalaşdırılmış mövcud siyasi, əməkdaşlıq və iqtisadi münasibətlər çərçivəsini yeniləyəcək və dərinləşdirəcək. “Bu, hərtərəfli xarakter daşıyan sazişdir və bütün sahələr üzrə əlaqələri gücləndirəcək, hər iki tərəfin dayanıqlı inkişafı üçün strateji sektorlar üzrə daha dərin əməkdaşlığa zəmin yaradacaq”, — deyə mətndə qeyd olunur.
Avropa İttifaqını görüşdə Avropa Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təmsil edəcək. Onun Meksikaya işgüzar səfəri mayın 21-də başlayacaq. Şeynbaum və Koşta razılaşıblar ki, qarşıdan gələn sammit Meksika ilə Brüssel arasında münasibətlərdə həlledici mərhələ olacaq və strateji tərəfdaşlığın yeni mərhələsini möhkəmləndirəcək.







