Profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.
Son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon ABŞ dolları artıb. Bununla da AMB-nin xarici valyuta ehtiyatları 1 may tarixinə 12 mlrd. 687 mln. dollara çatıb. Sonuncu dəfə bu həddə 2015-ci ilin yanvarında olmuşdu.
Aprel ayında alınmış 1 milyard ABŞ dollarının tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirakını davam etdirdiyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır.






