Çinin DeepSeek şirkəti ilk dəfə olaraq xarici investisiya cəlb edə və $50 milyarda qədər qiymətləndirmə ala bilər. Bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, şirkət ilk maliyyələşdirmə raundu çərçivəsində $3–4 milyard cəlb etməyi planlaşdırır. Bildirilir ki, əsas investor 60 milyard yuan ($8,8 mlrd) kapitalla fəaliyyət göstərən Çin Milli Süni İntellekt Fondu ola bilər. Xarici maliyyələşmədən imtina strategiyasına sadiq qalan startapın indi yanaşmasını dəyişməyi nəzərdən keçirdiyi qeyd olunur. Şirkət nümayəndələri şərh sorğusuna cavab verməyiblər.
Mənbələrin məlumatına görə, “Tencent Holdings” də “DeepSeek”ə investisiya yatırılması ilə bağlı danışıqlar aparır. Cəlb olunacaq vəsaitlərin hesablama güclərinin genişləndirilməsinə və əməkdaşlar üçün iş şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi planlaşdırılır.
Bundan əvvəl “Financial Times” yazmışdı ki, mümkün investisiya raundu çərçivəsində “DeepSeek”in qiymətləndirilməsi təxminən $45 milyard ola bilər.
Aprelin 24-də “DeepSeek” yeni böyük dil modeli olan “DeepSeek-V4″ü təqdim edib və ona açıq giriş verib. Şirkətin məlumatına görə, bu model artıq “DeepSeek” daxilində baza model kimi istifadə olunur. “DeepSeek-V4” daha effektiv işləmək üçün sistemin yalnız bir hissəsini aktivləşdirməyə imkan verən MoE (Mixture-of-Experts) arxitekturasına əsaslanır.
Aprelin 17-də “The Information” nəşri iki mənbəyə istinadən yazmışdı ki, Çin AI çat-botu investisiya cəlbi zamanı $10 milyard dəyərində qiymətləndirilib.
Fevral ayında “OpenAI” “DeepSeek”i distillasiya metodundan istifadə etməkdə ittiham etmişdi. Bu yanaşma zamanı daha kompakt model daha mürəkkəb və öyrədilmiş sistemin davranışını təkrarlamağa öyrədilir.







