Hindistan hökuməti Yaxın Şərqdəki böhran fonunda Hindistan rupisinin məzənnəsini dəstəkləmək məqsədilə qızıl və gümüşün idxal rüsumlarını 6%-dən 15%-ə yüksəldib. Bu barədə mənbəyə istinadən “The Economic Times” məlumat yayıb.
Yeni qaydalara əsasən, qızıl və gümüş idxalına 10% həcmində əsas gömrük rüsumu, həmçinin kənd təsərrüfatı və infrastrukturun inkişafı üçün əlavə 5%-lik xüsusi yığım tətbiq edilir. Platin üçün isə rüsum əvvəlki 6,4%-dən 15,4%-ə qaldırılıb.
“Məqsəd qadağa tətbiq etmək və ya istehlakçılara qarşı çıxmaq deyil. Bu, xarici iqtisadi risklərin yüksək olaraq qaldığı bir dövrdə vacib olmayan idxalın məhdudlaşdırılmasına yönəlmiş dəqiq hesablanmış müdaxilədir”, — deyə mənbə bildirib.
Onun sözlərinə görə, qiymətli metalların idxal rüsumlarının artırılması “makroiqtisadi sabitliyin təmin olunması, valyuta ehtiyatlarının qorunması və Yaxın Şərqdəki böhran səbəbindən qlobal qeyri-müəyyənlik şəraitində birinci dərəcəli olmayan malların idxalının məhdudlaşdırılması” məqsədi daşıyır.
Nəşrin fikirlərinə yer verdiyi zərgərlik sənayesi nümayəndələri isə xəbərdarlıq ediblər ki, rüsumların kəskin artırılması zinət əşyalarının bahalaşmasına, tələbatın azalmasına və 2024-cü ildə tariflərin endirilməsindən sonra azalan qızıl qaçaqmalçılığının yenidən artmasına səbəb ola bilər.
Hindistanın Baş naziri Narendra Modi ötən həftənin sonunda Yaxın Şərq böhranı fonunda vətəndaşları iqtisadiyyata və valyuta ehtiyatlarına təzyiqi azaltmaq məqsədilə bir il ərzində bayramlarda qızıl almaqdan imtina etməyə çağırıb.
Hindistan dünyanın ən böyük qızıl idxalçılarından biri olaraq qalır. “The Economic Times” xatırladıb ki, ölkədə daxili tələbatın demək olar ki, hamısı xarici tədarüklər hesabına ödənilir. Qızıl Hindistanda həm yığım vasitəsi, həm bayramlar, xüsusilə toy mərasimləri üçün investisiya məqsədilə alınır.






