“Samsung Electronics” və şirkətin həmkarlar ittifaqı əməkhaqqı ilə bağlı razılığa gələ bilməyib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Razılaşmanın əldə olunmaması Cənubi Koreya hökumətinin rəhbərliyi ilə keçirilən iki günlük vasitəçilik danışıqlarından sonra baş verib. Bu dialoq mayın 21-nə planlaşdırılan tətilin qarşısını almaq üçün son cəhd kimi qiymətləndirilir.
Həmkarlar ittifaqı ilə şirkət rəhbərliyi bonus ödənişləri məsələsində hələ də ortaq mövqeyə gələ bilməyib. Aprelin ortalarında təxminən 40 min işçi “Samsung”un Pxentxek şəhərində yerləşən əsas çip istehsalı mərkəzi qarşısında tətil elan etmişdi. Şirkətin süni intellektə tələbat hesabına artan gəlirlərini nəzərə alan işçilər maaşların artırılmasını tələb edib və may ayında 18 günlük ümumi tətil keçirəcəkləri ilə hədələyiblər.
Agentliyin məlumatına görə, həmkarlar ittifaqı əməliyyat mənfəətinin 15%-nin maaş artımına yönəldilməsini, bonus ödənişlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və bonus sisteminin rəsmi şəkildə təsbit edilməsini tələb edir. Şirkət rəhbərliyi isə 10%-lik artım və sənaye standartlarını üstələdiyini bildirdiyi birdəfəlik xüsusi kompensasiya paketi təklif edir.
“Daha çox gözləməyin mənası yoxdur. Biz qanunsuz tətil keçirməyi planlaşdırmırıq. Qanuni yolla hərəkət edəcəyik”, — deyə həmkarlar ittifaqının lideri Choi Seung Ho bildirib.
Onun sözlərinə görə, həmkarlar ittifaqı indi “Samsung”un iddiası əsasında dairə məhkəməsinin mayın 20-dək çıxara biləcəyi mümkün tətil qadağasına qarşı fəaliyyətə fokuslanacaq. Şirkət isə dialoqun dayandırılması ilə bağlı təəssüfünü ifadə edib.
Tətil yarımkeçirici istehsalını poza və tədarük zəncirində problemlərə səbəb ola bilər. Ekspertlərin hesablamalarına görə, ixracdan ciddi asılı olan Cənubi Koreya iqtisadiyyatı üçün itkilər 40 trilyon vondan (təxminən 26,8 milyard dollar) çox ola bilər.
Mütəxəssislər hesab edirlər ki, hökumət fövqəladə arbitraj səlahiyyətlərindən istifadə edərək təcili arbitraj prosedurunun başlanmasına göstəriş verə bilər.







