Kubanın energetika sistemi ABŞ-nin blokadası səbəbindən kritik vəziyyətdədir. Bu barədə Kubanın energetika naziri Visente de la O Levi Mesa Redonda televiziya proqramının efirində bildirib.
“Bizdə ümumiyyətlə mazut və dizel yanacağı yoxdur. Ehtiyatlarımız qalmayıb”, – o deyib.
Nazir etiraf edib ki, Havanada elektrik enerjisinin kəsilməsi halları kəskin artıb və paytaxtın bir çox rayonlarında işıq gündə 22 saata qədər olmur.
Havanada son onilliklərin ən genişmiqyaslı planlı elektrik kəsintiləri baş verib. Kuba paytaxtının bir neçə rayonunda etiraz aksiyaları keçirilib, “İşığı yandırın!” və “Xalq birləşsə, heç vaxt məğlub olmaz!” şüarları səsləndirilib.
Bundan əvvəl Kuba prezidenti Miqel Dias-Kanel “X” sosial şəbəkəsində yazıb ki, son günlər Kubanın enerji sistemində vəziyyət “xüsusilə gərgindir”. O, bunun səbəbi kimi ABŞ tərəfindən tətbiq olunan enerji blokadasını göstərib. “Hazırda pik yüklənmə saatlarında və ya gecə pikində 2000 MVt-dan çox enerji çatışmazlığı proqnozlaşdırılır”, – Dias-Kanel bildirib.
Yanvarın sonunda ABŞ prezidenti Donald Tramp Kuba tərəfindən milli təhlükəsizliyə təhdid səbəbilə fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu, Vaşinqtona adaya birbaşa və ya dolayı yolla neft tədarük edən ölkələrdən idxala əlavə rüsumlar tətbiq etməyə imkan verib. O vaxtdan bəri Kuba bir neçə tammiqyaslı elektrik kəsilməsi yaşayıb: adada tələb olunan yanacağın yalnız 40%-i istehsal olunur — gündəlik təxminən 30 min barel neft, halbuki ehtiyac 110 min bareldir.
Martın sonunda Rusiyanın “Anatoliy Kolodkin” tankeri Kubaya 100 min ton neft çatdırıb. Lakin Kuba energetika naziri daha sonra bildirib ki, bu həcm uzun müddət kifayət etməyəcək. Tramp isə Rusiya da daxil olmaqla istənilən ölkənin adaya yanacaq tədarük etməsinə etiraz etmədiyini açıqlayıb.






