İş axtarışı və biznes əlaqələri üçün nəzərdə tutulan “LinkedIn” biznesin yenidən təşkili çərçivəsində əməkdaşlarının təxminən 5%-ni ixtisar etməyi planlaşdırır. Bu barədə iki mənbəyə istinadən “Reuters” məlumat yayıb.
“LinkedIn”in saytında qeyd olunur ki, şirkətdə 17,5 mindən çox əməkdaş çalışır. Beləliklə, ixtisarlar təxminən 875 nəfəri əhatə edə bilər.
Ötən rübdə şirkətin gəliri illik müqayisədə 12% artıb. Bu barədə “Microsoft” korporasiyasının hesabatında bildirilib. “Microsoft” “LinkedIn”i 2016-cı ildə 26,2 milyard dollara satın alıb.
“Layoffs.fyi” saytının məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri dünya üzrə texnologiya şirkətləri 103,57 mindən çox əməkdaşı işdən çıxarıb. 2025-ci ildə isə 272 şirkətdə ümumi ixtisarların sayı 124,28 mini ötüb.







