“Ziraat Bank Azərbaycan” ASC 2025-ci ildə investisiya portfelinin strukturunu dəyişərək Türkiyə və regional emitentlərin istiqrazlarından daha çox ABŞ dolları ilə nominallaşan beynəlxalq maliyyə institutları və Qərb banklarının qiymətli kağızlarına üstünlük verib.
Banker.az xəbər verir ki, bank ötən il portfeldə yer alan bir sıra Türkiyə şirkətlərinin və maliyyə institutlarının istiqrazlarını azaldaraq və ya tam çıxararaq vəsaiti daha iri beynəlxalq emitentlərə yönəldib.
“Ziraat Bank Azərbaycan” ASC-nin investisiya qiymətli kağızları portfeli 2025-ci ildə 49.3% artaraq 99.7 mln. manata çatıb. Bankın portfeli 2024-cü ildə 66.8 mln. manat olmuşdu. Artım əsasən xarici valyutada olan istiqraz investisiyalarının genişlənməsi hesabına baş verib. Bank ilk dəfə olaraq ABŞ dollarında buraxılan “Cənub Qaz Dəhlizi” QSC-nin 34.7 mln. manat ekvivalentində istiqrazlarına, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) 28.7 mln. manatlıq və “Barclays PLC”nin 8.6 mln. manatlıq istiqrazlarına yatırım edib.
Portfeldə həmçinin “JP Morgan Chase” bankının 6.9 mln. manatlıq, Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyinin 6.9 mln. manatlıq istiqrazları yer alıb. SOCAR istiqrazlarına investisiya isə illik müqayisədə 11 dəfə artaraq 5.6 mln. manata yüksəlib.
Bununla yanaşı, bank əvvəlki ildə portfeldə yer alan Asiya İnkişaf Bankının 24.8 mln. manatlıq istiqrazlarını, eləcə də “SOCAR Polymer Investments”, “Turkcell”, “Turkiye Vakiflar Bankasi” və “Turk Telekomunikasyon” istiqrazlarını portfeldən çıxarıb.
Bankın borc qiymətli kağızları portfeli 97.5 mln. manat təşkil edib. Kapital qiymətli kağızları isə 2.3 mln. manat olub.







